Mircavadovdan “Makkabi” səddini keçmək istəyən “Neftçi”yə məsləhət – Müsahibə
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Komanda.az saytına müsahibəsi:
- Premyer Liqada yeni mövsümün artıq iki turu geridə qalıb. Komandaların çıxışını necə dəyərləndirirsiz?
- Avrokuboklarda çıxış edən komandaların oyun praktikasının çoxluğu hiss olunur. Hazırlıq dövrü artıq geridə qalıb. Kim necə hazırlaşmışdısa, ilk turlarda da elə çıxış edir. Lazım olan oyunu inkişaf etdirməkdir. “Sumqayıt” iki oyuna maksimum nəticə göstərib. Komanda Konfrans Liqasında iki oyun keçirdi, uduzsa da, turnirdə çıxış etməsi vacib idi. Hazırlıqları yaxşıdır və yeni mövsümə əla başlayıblar. “Sumqayıt”ın da problemləri var, düzdür, amma iki oyuna iki qələbə yaxşı göstəricidir. Qarşıda iki həftəlik fasilə var. Təkcə “Sumqayıt” deyil, digər komandalar da toparlanmaq üçün vaxt qazanacaq. Artıq üçüncü turda komandaların oyunlarında problemlər olmamalıdır. “Qarabağ” və “Neftçi”nin diqqəti avrokuboklardadır. “Qəbələ” baxımlı oyun sərgiləyir. Bu, məni çox sevindirir. Öz oyunu ilə fərqlənən komandadır. İstərdim ki, hər komandanın özünəməxsus oyunu olsun. SSRİ dövründə biz “Spartak” (Moskva), ÇSKA, “Dinamo” (Kiyev) kimi klublarla oynayırdıq. Hər komandanın fərqli oyun tərzi var idi. İstərdim ki, bizdə də belə olsun. Komandaların fərqli oyunları olsun və inkişaf getsin. “Qarabağ”da problem görmürəm. Sadəcə, qol imkanlarından yaxşı istifadə edə bilmirlər. Avrokubok oyunlarında bu aşkar hiss olunur. “Neftçi”yə gəldikdə, həm heyət, həm də oyun baxımından problemlər var.
- Vaxtı ilə baş məşqçisi olduğunuz “Neftçi”nin problemləri nədir? “Makkabi” (Hayfa, İsrail) ilə ilk matçda hesabda öndə olsalar da, yekunda qələbəni qoruya bilmədilər.
- “Neftçi”nin heyəti pis deyil. Sadəcə, komandanın ümumi oyununda problemlər var. “Makkabi” ilə oyunda bunlar göründü. Hesabda 3:1 irəlidə olsalar da, qələbəni qoruya bilmədilər. 3:1 əla nəticə idi. Komanda ikinci hissədə çox yaxşı oynadı. Düşünürəm ki, səfər oyunu “Neftçi” üçün ağır olacaq. “Makkabi” həm çox qol vuran, həm də çox qol buraxan komandadır. “Neftçi” bundan istifadə etməlidir. “Zirə” ilə oyunda “Neftçi” çox oyunçuları oynatmadı. Heyətdə cavanlar var idi. “Neftçi” “Zirə”nin müdafiəsindəki problemlərdən istifadə edib, qələbə qazandı.
- “Makkabi”nin çox qol buraxmasını da qeyd etdiz. “Neftçi” də demək olar ki, hər oyun qol buraxır. Buna səbəb nədir? Qapıçıların uğursuz çıxışı, yoxsa müdafiədə olan problemlər?
- Söhbət təkcə müdafiədən getmir. Məsələ komanda şəklində müdafiə olunmaqdır, başa düşürsüz? Hücum bitəndən sonra meydanda davranışlar, mövqeləri doldurmaq baxımından problemlər var. Bununla yanaşı, “Neftçi”nin futbolçuları fərdi çox səhvlər edir. Bu, yaxşı hal deyil.
- Heyət baxımından “Neftçi”də hansı çatışmazlıqları müşahidə etmisiz?
- Heyət pis deyil, ola bilər ki, yeni futbolçular olsun. Amma hazırda heyət normaldır. Mətbuatda oxumuşam ki, Mamadu Kaneni “Olimpiakos” istəyir, özü də, bir milyon avroya. Bu, çox yaxşı rəqəmdir. Kane Azərbaycanda çıxış edən ən yaxşı dayaq yarımmüdafiəçilərdəndir. Həm oyunu yaxşı “oxuyur”, müdafiədə etibarlı çıxış edir, həm də işgüzarlığı yüksək səviyyədədir. Görək, sonu necə olacaq.
- Son vaxtlar komandaların baş məşqçiləri xarici futbolçuların Azərbaycana gəlmək istəməməsindən gileylənir. Sizcə, niyə xarici futbolçular bizim ölkəyə gəlmir? Səbəbi nədə görürsüz?
- Razıyam, xarici futbolçular Azərbaycana gəlmək istəmir. Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da söhbətimiz olub. Birinci səbəb klub sayının azlığı, ikinci, səviyyə, üçüncü isə maliyyə məsələləridir. “Qarabağ”ın yeni transferi İbrahima Vadjinin karyerasına baxmışam. Yaxşı oyunçudur və onun üçün 500 min avro ödənilib. Necə olacağını isə hələ bilmirik. “Qarabağ” elədir ki, ağıllı futbolçu komandaya tez uyğunlaşır, özünü tuta bilir. Başa düşürəm, səviyyəli xarici futbolçular gəlmir. Nəsə etmək lazımdır ki, xaricdən Azərbaycana yaxşı, səviyyəli oyunçular gəlsinlər.
- Nə etmək lazımdır?
- Klubların səviyyəsi artmalıdır, xarici futbolçularda ölkə futboluna maraq yaratmaq lazımdır. “Qarabağ” və “Neftçi” qrup mərhələsinə düşməlidir ki, bura da oyunçu gəlsin.
- “Neftçi” “Makkabi” səddini keçmək üçün nə etməlidir?
- “Neftçi” ilk oyunda artıq rəqibini tanıdı və “Makkabi”nin zəif tərəfini bilir. “Makkabi”nin zəif tərəflərindən istifadə etmək lazımdır. Meydanın mərkəzində mübarizə aparmaq lazımdır. Rəqibi məcbur etmək lazımdır ki, səhvlərə yol versin. “Neftçi” bunu fərdi ustalığı yüksək olan futbolçularının hesabına edə bilər. İlk oyun 3:3 hesabıyla bitib və cavab oyununda qələbə qazanan komanda qruplara vəsiqə qazanacaq. “Neftçi”nin heyətində itkilər var. Bu, komandaya problem yarada bilər. Komanda yumruq kimi birləşib, oynamalıdır. Şansları bərabər sayıram. Məncə, HJK (Finlandiya) komandası “Makkabi”dən üstündür. “Neftçi”nin finlərlə oyunlarının hər ikisini izləmişəm və belə qənaətə gəlmişəm.
- Bəs “Qarabağ”ın “Aberdin”lə oyundakı şansını necə dəyərləndirirsiz?
- “Qarabağ”ın şansı böyükdür. Rəqib standart vəziyyətlərdən yaxşı istifadə edir. “Qarabağ” bunu gözləməlidir. Çalışmalıdır ki, öz oyununu oynaya bilsin. Topu yerlə və tez oynamaq lazımdır. “Qarabağ”ın fərdi bacarığı olan futbolçuları özlərini göstərməlidir. “Qarabağ”ın ilk oyunda qələbə qazanması üstünlük yaradır. Təmsilçimizə bərabərlik də sərf edir. Ancaq “Aberdin” qələbə qazanmaq üçün azı iki top fərqiylə qalib gəlməlidir. “Qarabağ” ehtiyatlı oynamalıdır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin