Lüksemburqda uduzan milli komanda Mircavadovu niyə ümidləndirib?
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Lüksemburq – Azərbaycan (2:1) matçı ilə bağlı fikirlərini bildirib.
Komanda.az saytına danışan mütəxəssis, iki fərqli hissənin oynanıldığını deyib:
“İki fərqli hissə gördük. Birinci hissədə topu saxlaya bilmirdik, futbolçular bir-birlərini yaxşı başa düşmürdülər, topu irəlidə tuta bilmirdik. Mövqe səhvləri də var idi və ilk qolu da buna görə vurdular. İkinci qolda da mövqe səhvi var idi. Lüksemburq bir-iki qol da vura bilərdi.
İkinci hissədə heyət dəyişdi. Meydana çıxan oyunçular yaxşı çıxış etdi. Məncə, bu oyunçuların bəziləri ilk hissədə oynamalı idi. Heyət baxımından problemlər oldu. Mənim düşüncəmə görə, start heyətində səhvlər var idi. Amma ikinci hissədən sonra top daha çox bizdə qaldı, yaxşı hücumlar edə bildik, qol vurduq. İkinci qolu da vura bilərdik. İkinci hissə yaxşı alındı.
Bu, futboldur. İlk hissədə heyətlə bağlı problem var idi. Sonradan meydana daxil olan Mahir Emreli, Namik Ələskərov, Rəhim Sadıxov yaxşı çıxış etdi. Sadıxovun hələ yaxşı qol imkanı da var idi. Topu nə üçün saxladığını başa düşmədim. Gərək bir toxunuşla topu qapıya göndərərdi”.
Mircavadov, seçmə mərhələnin İrlandiya ilə səfər oyununun daha çətin keçəcəyini də bildirib:
“Bilirsiz, bir-iki oyunla təcrübə qazanmaq olmur, gərək çoxlu oyun keçirəsən. İkinci hissədə millinin yaxşı oynadığını düşünürəm. Bu, mənə ümid verdi. Lüksemburqdan xal ala bilərdik, amma olmadı.
Oyundan sonra Portuqaliya – İrlandiya matçının (2:1) epizodlarına baxdım. İrlandiya çox gözəl futbol oynayır. Oyunu 6 dəqiqəyə uduzdular. Ronaldo 90 və 96-cı dəqiqələrdə qol vurdu. İrlandiyaya qarşı oyun daha ağır olacaq, nəinki Lüksemburqa qarşı. Buna baxmayaraq, Lüksemburqla matçın ikinci hissəsindəki oyun məni ümidləndirdi ki, uşaqlar İrlandiya səfərində yaxşı futbol oynayacaqlar”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin