AFFA-dan dalaşan futbolçulara sərt cəza, “Qarabağ”a ciddi xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında keçirilməli olan “Uğur” (Sumqayıt) – “Şahdağ” (Quba) oyunu “Şahdağ” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmamayıb. Bu səbəbdən “Şahdağ” (Quba) komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-17 Liqasında keçirilməli olan “Zirə” – “Xəzər Lənkəran” oyunu “Xəzər Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmamayıb. Bu səbəbdən “Xəzər Lənkəran” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-17 Liqasının “Keşlə” – “Sabah” oyununda “Keşlə”nin futbolçusu Azər Fərmanov baş hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasının “Səbail” – “Neftçi” İK İB oyununda “Neftçi”nin futbolçusu Nazim Qarayev qarşılaşmanın 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşmanın 72-ci dəqiqəsində “Neftçi”nin köməkçi-məşqçisi Amid Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-14 Liqasının “Turan Tovuz” – “Azəri” TİM oyununun 25-ci dəqiqəsində “Azəri”nin baş məşqçisi Orxan Verdiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasında keçirilməli olan UGİM (Bərdə) – ROİL (Qax) oyunu ROİL (Qax) komandası təyin olunan vaxtda meydanda olmadığı üçün baş tutmamayıb. Bu səbəbdən ROİL (Qax) komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-13 Liqasının “Şəmkir” Gİİ UGİM – “Turan Tovuz” oyununun 42-ci dəqiqəsində “Şəmkir”in məşqçisi Əli Əhmədov hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-11 Liqasının “Keşlə” – “Zirə” oyununun 37-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Manaf Kələntərli hakimlər birqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Yasamal” İSK – “Premier” (Quba) matçı “Premier” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Premier” komandasına 0:5 hesablı məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” oyununda futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən oyun yarıda dayandırılıb. Aparılan müzakirələrdən sonra oyunun yenidən keçirilməsinə qərar verilib. Eyni zamanda, oyunun gedişində qovulma ilə nəticələnən qərarlar – Rashid Gholipour (Marafon, qırmızı vərəqə) və Elşad Quliyev (Marafon, baş məşqçi, qırmızı vərəqə) eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə ilə qovulan şəxslərin 1 oyunluq cəzası növbəti təqvim oyununa şamil edilib.

Futzal üzrə Yüksək Liqanın “Bakı” TFK – EKOL matçında EKOL komandasının yaş limitinə uyğun 16 nömrəli futzalçısı Babək Abbasovun oyunda iştirak etməməsi məsələsinə baxılıb. Futzalçının səhətti ilə bağlı problemi yarandığına görə oyunda iştirak etmədiyini nəzərə alaraq, komandaya ciddi xəbərdarlıq olunub və analoji hərəkətə növbəti dəfə yol verməməsi tələb olunub.

U-15 Liqasının “Qarabağ” – “Sabah” oyununun final fitindən sonra “Qarabağ”ın oyunçusu İbrahim Hacı və “Sabah”ın oyunçusu Əmirxan Qurbanov arasında dava baş verib. Daha sonra bu dava futbolçular arasında kütləvi hal alıb və “Qarabağ”dan Ramin Vəliyev, Nihad Abbasov, eləcə də “Sabah”dan Hüseyn Yusubov, Ramiz Bağırov, Rüfət Tahirov da iştirakçıya çevrilib. Bu səbəbdən adları qeyd edilən futbolçuların hər biri 6 oyun cəzalandırılıb. Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ”a 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Eyni zamanda, məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button