AFFA-da gizli seçki: Rauf Əliyev oğlunu öz kreslosuna əyləşdirdi!
Yəni, ölkə o qədər yiyəsizdi? Yəni, məmur özbaşınalığının qarşısını almaq istəyən kimsə yoxdu? Yoxsa vəzifələr irsən ötürülür və adamı, daydayı olmayanlar sürünməyə məhkumdu?
Deməli, bacarıq, istedad, təhsil vacib deyil, debutat atan, məmur qohumun olmalıdı ki, hansısa vəzifə tutasan. Kresloya əyləşdikdən sonra isə bu adamları kimsə narahat etmir, himayəçilərin kölgəsində dövlətin büdcəsini dağıdıb öz ciblərini doldururlar. Ortada hər hansı iş, nəticə, heç bütün bunlara görə hesabat istəyən də yoxdur.
Sən demə, mayın əvvəlində Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına (UGFF) yeni prezident təyin edilib. Seçilib yox ha, təyin edilib. Qurum mətbuata xəbər vermədən, qondarma bir iclas keçirib və xəlvətcə rəhbərini dəyişib. Yeni prezident Asif Əliyev, baş katib Asim Xudiyev olub.
Söhbət veteran futbolçumuz Asif Əliyevdən getmir. Bu, ömrü boyu peşəkar futbolçu karyerası olmayan, atasının gül balasıdı.
İllərdi Azərbaycanda uşaq futbolunun bünövrəsini qazıyan, layiqli yeni nəslin yetişməməsində əsas günahkar olan, AFFA yarandığı gündən müxtəlif vəzifələrdə əyləşən Rauf Əliyev oğlunu özünə xələf seçib. Milli Məclisin deputatı rəhbərlik etdiyi federasiyada prezidentlik dövrü bitən kimi kənara çəkilib və oğlunu öz yerinə seçdirib.
Multfilm kimi ölkədi. Övladlarını müxtəlif vəzifələrə təyin etdirən məmurları çox görmüşük, amma birbaşa oğlunu öz yerinə qoyan ilk nümunə Rauf Əliyev olsun gərək. 8-9 qurumda müavin, baş katib, İcraiyyə Komitəsinin üzvü olan birisinin gözü doymur, illərdi rahat qazanc əldə etdiyi, işə görə hesabatın istənilmədiyi bir posta oğlunu əyləşdirir. Bu, nə rahatlıqdı, Rauf bəy?
Deputatın iştahı bununla da bitmir. O, oğlunu vəzifə başına gətirməklə karyerasını çiçəkləndirmək niyyətindədi. Tezliklə AFFA İcraiyyə Komitəsində ciddi dəyişiklik olacaq. Qurumda vitse-prezident olan Əliyev oğlunu İK-ya seçdirib estafeti gənc ailə üzvünə ötürmək niyyətindədi.
AFFA-dan, UGFF-dən soruşuruq: bu seçki niyə xəlvətdə keçirilib; digər namizədlər kim olub; hansı xidmətlərinə görə məhz Asif Əliyev bu posta layiq bilinib? Cavab gözləyirik… (Futbolinfo.az)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin