Azərbaycan Premyer Liqasının üzünü “qızardanlar”

AFFA rəhbərliyi 2018-ci ilin sentyabrında Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri vəzifəsinə avstriyalı Frits Stuxliki gətirdi.

Avstriyalı keçmiş referinin gəlişindən sonra ölkə futbolunda hakimlik baxımından yüksəlmə, ədalətli oyun idarəçiliyi gözlənilsə də, hazırda vəziyyət heç də ürəkaçan deyil. Azərbaycan Premyer Liqasının son turlarında ardıcıl yol verilən səhvlər, artıq klublarda da narazılığa səbəb olur.

Premyer Liqanın son turunun “Zirə” – “Qəbələ” matçında meydan sahiblərinin yeganə qolunda əllə oynama olsa da, bu, Orxan Məmmədovun – baş hakimin gözündən yayınmış, İlkin Muradovun qolu qeydə alınmışdı.

Turun digər matçı – “Qarabağ” – “Sabah” görüşündə də hakim səhvləri az olmadı. Oyundan sonra həm “Qarabağ” cəbhəsi, həm də media nümayəndələri baş hakim Elçin Məsiyevin bərbad idarəçiliyindən danışırdı.

Araşdırmalara görə, Azərbaycan Premyer Liqası intizamsızlıq baxımından da Avropada 3-cü yerdədir. Stuxlikin cavabdeh olduğu hakimlər Premyer Liqada hər oyuna ortalama 5,47 sarı vərəqə göstərib. Qırmızı vərəqələrin ortalama sayı isə 0,6-dır.

Azərbaycan Premyer Liqasında geridə qalan 19 turda oyunlara 11 referi təyinat alıb. 76 matç idarə edən hakimlər 410 dəfə “sarı”ya, 24 dəfə də “qırmızı”ya əl atıblar.

Referilərdən ən çox təyinat alanı, ən çox vərəqə göstərəni də Əliyar Ağayevdir. FİFA referisi 19 turun 11-nə təyinat alıb. Bu oyunlarda 52 sarı vərəqə göstərən Ağayev, “qırmızı”ya ehtiyac duymayıb.

Təyinat aldığı oyunlarda ən çox vərəqə göstərən referilərdən biri də Səbuhi Bayramovdur. Bayramov 7 oyunda söz sahibi olsa da, hesabında 44 sarı və 5 qırmızı vərəqə var.

Premyer Liqada ən az təyinat alan isə Rövşən Rəcəbovdur. Üçüncü turun “Zirə” – “Sabah” və 8-ci turun “Neftçi” – “Zirə” matçını idarə edən Rəcəbov, ilk matçda 8, digərində isə 9 sarı vərəqə göstərib.

Bu mövsüm “Qarabağ” və “Neftçi” komandaları arasında olan üç oyuna fərqli hakimlər təyinat alıb. Mövsümün ilk derbisini (“Qarabağ” – “Neftçi”, 2:0) idarə edən Əliyar Ağayev, hər iki komandanın futbolçularına ümumilikdə 4 sarı vərəqə göstərib. Digər iki görüşü İnqilab Məmmədov və Rauf Cabarov idarə edib. 0:0 hesabıyla bitən qarşılaşmada Məmmədov 8, Cabarov isə üç dəfə “sarı”ya müraciət edib.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button