AFFA, əcnəbi üçün ayırdığın pulu Dəstək Fonduna köçür!

Qayğsız illər bəzi insanlara yalnız almağı, qamarlamağı öyrədib. Onlar işlədiyi dövrdə bütün layihələri çalışdıqları sahəni inkişaf etdirmək yox, daha çox qazanmaq üçün fikirləşiblər. Gözləri daim sponsorların, xüsusən də dövlətin cibində olub.

İndi fors-majordu. Hər şey unudulub və bütün ölkə koronavirusla mübarizə üçün səfərbər olub. Sıravi insanlar heç nə etmir, ölkə əhalisinin nümunəvi qismi sadəcə, evində oturmaqla pandemiyanın qurbanı olmamağa, eyni zamanda epidemiyanın kütləviləşməməsinə töhfə verir. Əsas yük dövlətin üzərindədi və dünyadakı proseslərə müqayisəli yanaşsaq, Azərbaycanda ciddi işlər görüldüyünü deyə bilərik.

Dövlətin gücü var, ehtiyatlar mövcuddu və əhalinin qorunması üçün maksimum çalışmaları görürük. Lakin virusla mübarizənin nə qədər davam edəcəyi bəlli deyil, daha ehtiyatlı, daha tədbirli olmaq gərəkdi. Bu səbəbdən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini ianə kimi fonda köçürməklə nümunəvi addım atdı, yol göstərdi. Ölkə başçısının ardınca irili-xırdalı şirkətlər, kampaniyalar aksiyaya qoşulub və xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün maliyyə ehtiyatı yaradılır, vəsait dərman preparatlarının, müxtəlif cihazların alınmasına sərf edilir.

Təəssüf ki, futbol təsərrüfatı bu çağırışa qoşulmur. Bağ evində top çiləməklə sosial aksiya başladanlar, qeyri-ciddi görünənlər özünütəbliğlə məşğul olmaq əvəzinə məhz ciddi addımla gündəmə gəlməlidi. Öncə AFFA, ardınca klublar ciddi maliyyə yardımı ilə seçilməlidi.

Təbii ki, sponsorlardan, xüsusilə SOCAR-dan asılı olan futbol camiəmiz üçün bu addım mümkünsüz görünür. Lakin heç də belə deyil. Söhbət qazanılan pulu fonda köçürməkdən getmir, büdcəyə ayrılan maliyyənin müəyyən qismindən imtina etməklə də axına qoşulmaq olar.

Məsələn, ötən il AFFA Nikola Yurçeviçi milli komandamıza baş məşqçi gətirib, 1 milyon avronu havaya sovurdu. Heç bir perspektivi olmayan xorvata verilən milyonlar dağıdıldı. Nəticəsinin olmayacağını bilə-bilə bu pulu göz qırpmadan xərcləyən AFFA indi dərs çıxarmalıdı. Hazırda yığma komandamız başsızdı və futbol təsərrüfatında həyat dayandığından yeni əcnəbiyə ehtiyac da yoxdu.

Pandemiya bu şəkildə geniş vüsət almasaydı, yəqin ki, milli komandamız indi hansısa əcnəbiyə tapşırılmışdı. Ötən il uğursuz bitdiyindən, bu dəfə daha adlı-sanlı biri gətiriləcək və daha böyük məbləğ – 2-3 milyon avro xərclənəcəkdi. Hər şey təxirə salındı və mart bitməkdədi. Deməli, azı 3 ayın xərcinə qənaət olunub və indiki halda yeni əcnəbi məşqçiyə də gərək yoxdu. Üstəlik, Malta toplanışı ləğv olunub və oradan da vəsaitə qənaət edilib.

İndi AFFA vəziyyət düzələndən sonra yığmanı hansısa azödənişli yerli məşqçiyə tapşırmaq variantını nəzərdə tutaraq, əcnəbi məşqçi üçün planladığı böyük vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməli, ümumi bəlayla mübarizəyə töhfəsini verməlidi. Bu milyonlar milli komandamıza heç bir fayda verməyəcəkdi, heç olmasa, ölkə əhalisinin təhlükəsizliyi baxımından bir işə yarasın. AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri vəzifə maaşlarından deyil, gizlicə aldıqları “paketlər”dən imtina etsə, bu da aylıq yarım milyon manata yaxın vəsait edər.

SOCAR ötən il AFFA-ya sponsorluq çərçivəsində 11 milyon manat ödəyib, 2020-də də vəsait aşağı-yuxarı eyni olacaq. Və assosiasiya milli komandalara 12 milyona yaxın xərc çəkir. Əcnəbi məşqçidən imtina və ötən üç ayın qənaəti təqribən 3 milyon deməkdi. Deməli, AFFA SOCAR-dan gələn həmin maliyyəni fonda köçürə bilər və köçürməlidi. İndi futboldan da vacib işlər var. Dövlət virusla mübarizə apararkən gələcək havayı pulları gözləmək vicdansızlıqdı.

Bəli, futbol təsərrüfatındakılar daim ancaq gələn pulu hesablayıb, gözü sponsorların cibində olub. İndi ümumi bəla ilə mübarizə üçün fərqli düşüncənin zamanıdı. Prezidentin nümunəvi addımına AFFA-nın necə cavab verəcəyini maraqla gözləyirik. (Futbolinfo)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button