Adəə, bunu demisən!
Rəşad Ergün
Üzünə müdrik ifadə verib, gözlərini əvvəlcə tavana, sonra kompüterin monitoruna zilləyib, yazmaq istəyirsən…
AFFA prezidenti Rövnəq Abdullayev 2008-ci ildən üzü bəri Azərbaycan futbolunun təpəsinə…
İçindən bir səs hayqırır:
– Adəə, bunu yazmısan!
Silirsən, yeni cümlə qurmaq istəyirsən…
AFFA-nın baş katibi, icraçı vitse-prezidenti Elxan Məmmədov 2007-ci ildən Azərbaycan futbolunun başına…
İçindən yenə bir səs gəlir:
– Adəə, bunu da demisən!
Lənət şeytana! Təslim olmaq yoxdur, davam!
Futbol üzrə Azərbaycan milli komandası yenə seçmə mərhələni bir xalla…
Yenə o səs eşidilir:
– Adəə, vallah, bunu da demisən!
Üzündəki müdrik ifadəyə bir az məyusluq, bir az da qəzəb qarışır. Başını əllərinin arasında sıxıb, düşünürsən, düşünürsən. Aha, tapdım!
Azərbaycanda bölgə futbolu məhv edilib, Premyer Liqadakı 8 klubdan 7-si Bakını və…
Yenə lənətə gəlmiş o səs:
– Adəə, bunu da yazmısan!
Olsun, eybi yox. Onda əvvəlcə özlərini, sonra da Azərbaycan futbolunu AFFA rəhbərliyinin ayırdığı məvacibə, təqaüdə satan veteranlardan yazaram:
İsgəndər Cavadov, Kazbek Tuayev kimi…
İçindəki səs susmur:
– Adəə, bunu da yazmısan da, yadından çıxıb?
Bəlkə, aşağı yaş qrupları üzrə milli komadalar? Niyə də yox? Yazmağa başlayırsan:
Azərbaycanda uşaq futbolu ölüb, aşağı yaş qrupları üzrə milli komandaların oyunları və nəticələri…
İçindəki səs bağırır:
– Yazmısan, adəə, bunu da yazmısan!
Yaxşı… Onda yaxşı bir şey yazaq.
Azərbaycanda “Qarabağ” klubundan başqa…
İçindəki səs bu dəfə pıçıltı ilə çıxır:
– Adəə, bunu hamı deyir.
Üzündəki müdrik ifadədən əsər-əlamət yoxdur. Sadəcə məyusluq var: yaxşı, nədən yazaq?
İçindəki səs kədərlə dillənir:
– Adə, yaz ki, Azərbaycanda futbol 15 ildir ölüb, niyə buna bir dənə başdaşı qoymamısız?
Bizi Facebook-da izləyin