Mutu: “Bütün gücümüzü səfərbər etməyə hazırıq”
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, bütün güclərini səfərbər edəcəklərini deyib:
“Türkiyənin ən güclü klublarından biri ilə bizi çətin oyun gözləyir. Azarkeşlər əmin ola bilərlər ki, sabah meydanda bütün gücümüzü səfərbər etməyə hazırıq.
3 gündən bir oynamağa hazır deyilik dediyim zaman fiziki durumu da nəzərə alırdım. Komandanın gücü yüksək səviyyədə olmalıdır ki, 3 gündür bir oyuna çıxsın. “Kəpəz”lə oyunda futbolçularım çalışdılar ki, güclərini səfərbər etsinlər. Qələbə qazanmalıydıq. Heç bir fikir qələbə qazanmamaqla bağlı ümumi durumu ört-basdır edə bilməz.
Müdafiənin sağ cinahı üçün artıq transfer etmişik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Onların transferini gerçəkləşdirmək üçün çalışmaları davam etdiririk. Çalışacağıq ki, hər mövqedə rəqabət olsun. Bu, komandanın xeyrinə olacaq. Heyətdə dörd yerli futbolçu olmalıdır, limit var. Kənardan proqnozlaşdırılmış kollektiv kimi görünməyimizi istəmirəm.
Hücum xətti üçün transferlərə gecikirik, doğrudur. Çətinliklər olsa da, danışıqlar gedir. İstəyimiz düzgün seçim etməkdir.
Məncə, biz “Beşiktaş”ın necə komanda olduğunu bilirik. Məşqçilərini tanıyırıq. Onlar Türkiyənin, biz isə Azərbaycanın güclü klubuyuq. Avrokuboklarda belə komandaların qarşılaşmaları çox olur.
Hər bir oyunda alınan məğlubiyyət təzyiq yaradır. Azarkeşlər də başa düşməlidirlər ki, hazırda biz güclü kollektiv qurmağa çalışırıq. Transferlərdə gecikmələr olur, razıyam. Zədəli oyunçular var. Hamıdan səbirli olmağı istəyirəm. Daha güclü “Neftçi” quracağıq.
Fanatlarımızın bizdən gözləntiləri çoxdur. Lakin realist olmalıyıq. Sabahkı görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. “Neftçi” indi yenidən qurulur. İstəyimiz qələbə qazanmaqdır, lakin səbirli olmaqda fayda var. Rumıniya çempionatından “Neftçi”yə 2 futbolçu gətirmişik. Mənə görə əsas buraya gələn futbolçunun “Neftçi” üçün faydalı olmasıdır.
Qurban Qurbanov və Murad Musayevlə rəqabət mənim üçün o qədər də önəmli deyil. Əsas məsələ Azərbaycan adına uğurun qazanılmasıdır. Avropada uğurlu olmaq istəyiriksə, dincəlməyə də vaxt ayırmalıyıq”.
Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2 oyunun nəticəsinə əsasən, Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu məğlub etmişdi.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin