
Adnan Əhmədzadənin Azərbaycan futboluna ASTA və “Rahat” girişi – Yazı+FOTOLAR
Bir müddət əvvəl SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olundu. Artıq Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri də seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə futbolçu ilə dostluq edir.
Amma Əhmədzadənin futbol “sevgi”si təkcə dostluqlarla bitmir. Onun sahibi olduğu şirkətlərdən biri – ASTA 1-ci Liqada yarışan “Mingəçevir” komandasının sponsorudur. Hətta komandanın loqosunda da ASTA-nın adı yer alır. O, kluba nəzarəti yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb.

Onun yeni mövsümdə Premyer Liqaya uğurusuz start verən (5 oyun, 5 məğlubiyyət) “Kəpəz”in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı da iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev Əhmədzadəyə yaxın münasibəti ilə tanınır, hətta onun “sağ əli” olduğu deyilir.
Əhmədzadənin sahibi olduğu “Rahat” supermarketlər şirkəti vasitəsilə Azərbaycan Premyer Liqasının iki klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir. Şirkət 2024/2025 mövsümündə hər iki klubun titul sponsoru olub. “Ağ-qaralar”ın formalarının arxa hissəsində, “qartallar”ın isə formalarının sağ qol hissəsində “Rahat”ın reklamı yerləşdirilib.

Təbii ki, Adnan Əhmədzadə ilə əməkdaşlıq edən klublar əksəriyyət kimi, onun “hansı yuvanın quşu” olduğunu bilməyib. Amma artıq bu “çirkli pullar” olmayacaqsa, bəzi komandaların, xüsusilə də, Mingəçeviri təmsil edən “ASTA Mingəçevir”in, hətta “Kəpəz”in maliyyə durumuna təsir edəcəyi şübhəsizdir.
Əvvəllər də Azərbaycan futbolunda oxşar hallar yaşanıb. Məsələn, “İnter”in fəxri prezidenti Cahangir Hacıyev, Zaqatalanı təsmil edən “Simurq”un prezidenti Anar Bəkirov hələ də həbsdədir. “Bakı”nın keçmiş prezidenti Hafiz Məmmədov isə əvvəlcə həbs edilsə də, sonradan azadlığa buraxıldı. Onlar da Adnan Əhmədzadə kimi maliyyə maxinasiyalarında ittiham olunublar. “Çirkli pullar”la maliyyələşdirdikləri klublar isə ya dağılıb, ya da, başqa adlarla yollarına davam ediblər.

Adnan Əhmədzadənin taleyinin isə necə olacağını zaman göstərəcək. Amma bir şey dəqiqdir ki, müxtəlif adlarla, adamlarla, şirkətlərlə təsir etdiyi, özününküləşdirdiyi futbol klubları artıq onunla işbirliyində olmayacaq, ola bilməyəcək.
Rəşad
Bizi Facebook-da izləyin



