Azərbaycan millisi üçün 5 namizəd: Onlar kimdir, hansı uğurları var?

Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Komanda.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərin siyahısı idi. İclasdan sonra mətbuat konfransı təşkil olunan AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov namizədlərin sayının 32 olduğunu desə də, adları açıqlamadı. Ancaq İTV kanalı konfransın çəkilişi zamanı yığmanın baş məşqi postuna 5 namizədin adı olduğu bir neçə görüntünü lentə ala bilib.

Bunlar Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byaco və Çezare Prandellidir. Bəs bu adları çəkilən baş məşqçilər kimdir, harda işləyib və işləyir?

Oleq Kononov – rusiyalı çalışdırıcı məşqçilik karyerasına 2002-ci ildə Belarusun “Torpedo MAZ” klubunda başlayıb. 53 yaşlı mütəxəssis həmin dövrdə komandanın baş məşqçisi Anatoli Yureviçin köməkçisi kimi çalışıb. Yureviç daha sonra Kononovu özü ilə bərabər Minsk “Lokomotiv”i və “Metallurq” komandalarına aparıb. 2005-2008-ci illərdə Moldova “Şerif”ində məşqçilik edən Kononov, ilk baş məşqçilik təcrübəsini 2008-ci ildə Ukraynanın “Karpatı” klubunda yaşayıb. Daha sonra “Sevastopol”, “Krasnodar”, “Terek”, “Arsenal” (Tula) kimi komandaları çalışdıran Kononovun son iş yeri Moskva “Spartak”ı olub. Mütəxəssis 2019-cu ilin sentyabrından işsizdir.

Canni de Byazi – italiyalı mütəxəssis baş məşqçi kimi ilk dəfə ölkəsində “Bassano” klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb. Daha sonra “Viçentsa”, “Karpi”, “Kosensa”, SPAL, “Modena”, “Breşiya”, “Torino” kimi klubları çalışdıran 63 yaşlı mütəxəssisin son iş yeri İspaniya “Alaves”i olub. Byazi, 2011-2017-ci illər aralığında Albaniya yığmasında baş məşqçilik edib. Məhz onun rəhbərlik etdiyi Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edib. Belə ki, Byazinin rəhbərlik etdiyi komanda AÇ-2016-nın seçmə mərhələsində 14 xal toplayaraq, əsas mərhələyə vəsiqə qazanıb. Albaniya yığması 2015-ci ildə FİFA reytinqində 22-ci sırada yer alıb. Byazi baş məşqçilik karyerasında SPAL və “Modena” ilə C Seriyasında çempionluq yaşayıb. O, hazırda işsizdir. İtalyan çalışdırıcının adı İran yığmasıyla da hallanır.

Branko İvankoviç – Xorvatiya, İran kimi yığmalarda və “Hannover” (Almaniya), “Riyeka”, Zaqreb “Dinamo”su (Xorvatiya),”Əl İttifaq”, “Əl Əhli” (hər ikisi Səudiyyə Ərəbistanı), “Persepolis” (İran) kimi klublarda çalışan İvankoviç, yanvarın 20-də Oman milli komandasına baş məşqçi təyin olunub. İvankoviç 4 dəfə ilin ən yaxşı baş məşqçisi olub. Xorvat mütəxəssisin ən böyük uğuru İran yığmasıyla Asiya çempionu olmasıdır.

Luici Di Byaco – 2010-cu ildə İtaliya yığmasında skaut olaraq işə başlayan mütəxəssis, daha sonra 2011-2013-cü illərdə 20 yaşadək, 2013-2019-cu illərdə isə 21 yaşadək futbolçulardan ibarət İtaliya millisini çalışdırıb. Byaco 2018-ci ilin fevralından martına kimi İtaliya millisinin əsas komandasında menecer kimi də işləyib. 48 yaşlı mütəxəssis hazırda işsizdir.

Çezare Prandelli – “Atalanta”nın U-19 komandasında işə başlayan mütəxəssis, “Leççe”, “Verona”, “Venetsiya”, “Parma”, “Roma”, “Fiorentina”, “Qalatasaray”, “Valensiya”, “Əl Nəsr” kimi klubları çalışdırıb. Son olaraq “Cenoa”da çalışan Prandelli, 2010-2014-cü illər aralığında İtaliya yığmasında baş məşqçilik edib. Prandelli iki dəfə İtaliyada ilin məşqçisi seçilib. Onun rəhbərlik etdiyi İtaliya yığması AÇ-2012-nin gümüş medalçısı olub. 62 yaşlı mütəxəssis DÇ-2014-cü ildəki uğursuzluqdan sonra İtaliya yığmasından ayrılıb. Milli komanda mundialda mübarizəni qrup mərhələsində dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button