Acunun klubu gənc forvardı 16 milyona satdı

İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Hall Siti”nin gənc forvardı Kin Luis-Potteri transfer edib.

Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçunun keçidi “Brentford”a 16 milyon funt-sterlinqə başa gəlib. Lakin “Hall Siti”nin bonuslarla daha 4 milyon funt-sterlinq qazanmaq şansı var. İngilis futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.

Kin Luis-Potter “Hall Siti”nin öz yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildə məhz bu komandada başlayıb. Doğma komandasının heyətində 122 matça çıxmış futbolçu, bu görüşlərdə 30 qol vurub. O, İngiltərənin U-21 yığmasında da 4 oyuna çıxıb və 1 qol vurub.

Luis-Potteri “Brentford”a satan “Hall Siti” onun əvəzində kolumbiyalı hücumçu Oskar Estupinanı transfer edib. Portuqaliyanın “Vitoriya Gimaraynş” klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Portuqaliya təmsilçisindən azad agent kimi ayrılmış futbolçu yeni klubuna təzminat xərci çəkdirməyib.

Oskar Estupinan karyerasına “Onse Kaldas” komandasında başlayıb. O, 2017-ci ildən Portuqaliya təmsilçisində forma geyinən hücumçu, geridə qalan mövsümdə 33 matça çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə edib. “Vitoriya Gimaraynş” onu 2019-cu ildə Ekvadorun “Barselona”, 2019/20 mövsümündə isə Türkiyənin “Dənizlispor” klublarına icarəyə də vermişdi.

“Hall Siti”nin sahibi türkiyəli Acun Ilıcalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button