AFFA rəsmisi Santuş haqda: “Bu sual niyə bu qədər səsləndirilir, başa düşə bilmirəm”

“Son iki yoxlama oyununa baxsaq, bundan əvvəlkilərlə müqayisədə milli komandanın çıxışında müəyyən irəliləyişlər var”.

Bunu Komanda.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. O, millinin qarşılaşdığı komandaların elə də zəif olmadığını söyləyib:

“İstər-istəməz, milli komanda ilə bağlı ümidlərimiz həmişə böyük olub, baxmayaraq ki, istədiyimiz nəticələri əldə edə bilmirik. Qarşılaşdığımız rəqiblər elə də zəif komandalar deyil. Ancaq yenə də deyirəm, biz millimizə inanırıq. Bundan əvvəlkilərə baxsaq, son iki yoxlama oyununda komandanın çıxışında müəyyən irəliləyişlər görünür”.

Millinin sabiq baş məşqçisi qarşıdan gələn seçmə oyunlarda komandaya inandığını bildirib:

“Yoxlama oyunları bitdi, qarşıda seçmə oyunlar var. Çətin rəqiblərdir. Amma yenə də deyirəm, biz millimizə inanırıq. İnanırıq ki, komandamız yaxşı oyun nümayiş etdirəcək və yaxşı nəticələrlə bizi sevindirəcək”.

Sadıqov, “millinin baş məşqçisi Fernandu Santuş getməlidir, yoxsa yox” sualına belə cavab verib:

“Bu sual niyə bu qədər səsləndirilir, başa düşə bilmirəm. Bəli, milli 10 oyundur qələbə qazanmır. Santuş bura gələndə onunla uzunmüddətli müqavilə ilə bağlı razılıq əldə olunub. Onun göndərilməsi ilə nəticələrin düzələcəyini düşünmürəm. Yenə deyirəm, biz milli komandamıza inanırıq və ümid edirik ki, qarşıdan gələn seçmə mərhələdə yaxşı nəticələr əldə edəcəklər”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button