AÇ-nin son günündə 2 qızıl, 3 bürünc medal şansı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.
Komanda.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb – 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər finalda gürcüstanlı Mate Tsinadzeylə güləşəcək.
Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb – 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşacaq.
Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb – 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olacaq.
İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişviliylə üz-üzə gələcək.
Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib – 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid belaruslu Aleksey Kulakovla güləşəcək.
Bizi Facebook-da izləyin