AÇ-nin açılışını Ağayev etdi, Kaşuk Ukraynaya qələbə qazandırdı
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.
Komanda.az xəbər verir ki, turnirin Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib. Gürcüstanın paytaxtı Tiflisdəki “Mesxi” stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.
36 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, “qırmızı şeytanlar”dan 3, “narıncılar”dan isə 2 futbolçuya sarı vərəqə göstərib.
Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.
B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib – 2:0. Hesabı ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib. Kaşuk, UEFA-nın seçiminə əsasən sözügedən matçın ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.
Bizi Facebook-da izləyin