AÇ: Azərbaycanlı güləşçilər mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.
Komanda.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) qarşılaşacaq.
74 kq-da Cəbrayıl Qadjiyev eyni raundda Simon Marklın (Avstriya) müqavimətini qırmağa çalışacaq.
86 kq-da Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa) cütünün, 92 kq-da Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) / Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.
Nəhayət, 125 kq-da Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) üz-üzə gələcək.
Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-da Əliabbas Rzazadə “qızıl” uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-da Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-da Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq.
65 kq-da Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-da Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə mübarizə aparacaq.
Avropa çempionatı aprelin 23-də yekunlaşacaq.
Bizi Facebook-da izləyin