AÇ-2020: Cüneyt Çakıra növbəti təyinat
AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – İspaniya və Fransa – İsveçrə matçlarının hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Xorvatiya – İspaniya oyununu Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Cüneyt Çakır olacaq. Ona yan xətt hakimləri Bahattin Duran və Tarik Ongün kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən olan Andreas Ekberq yerinə yetirəcək.
Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Fransa – İsveçrə matçını Argentinadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fernando Andres Rapallini olacaq. Ona yan xətt hakimləri Xuan Pablo Belatti və Dieqo Yamil Bonfa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Polşadan olan Bartoş Frankovski yerinə yetirəcək.
Hər iki oyun iyunun 28-də keçiriləcək.
Cüneyt Çakır bundan əvvəl AÇ-2020-nin qrup mərhələsinin Ukrayna – Avstriya oyununu (0:1) idarə etmişdi.
Bizi Facebook-da izləyin