AÇ-2020: Avtoqol rekordu qeydə alındı

Futbol üzrə Avropa çempionatının F qrupu çərçivəsində keçirilmiş Portuqaliya – Almaniya oyununda antirekord qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu, iki avtoqolun qeydə alındığı ilk matç kimi Avropa çempionatlarının tarixinə düşüb.

Bu oyuna qədər qitə birinciliyinin final mərhələlərində bir oyunda iki avtoqol vurulmamışdı. Portuqaliya yığmasının heyətində 35-ci dəqiqədə Ruben Dias, 4 dəqiqə sonra isə Rafael Gerreyro topu öz qapısından keçirmək məcburiyyətində qalıb. Yekunda Portuqaliya millisi Almaniyaya 2:4 hesabıyla məğlub olub.

Qeyd edək ki, AÇ-2020-də avtoqol sayı artıq 5-ə çatıb. Bu da qitə birinciliklərinin antirekordudur. Bu qitə birinciliyinə qədər ən çox (3) avtoqol AÇ-2016-da qeydə alınmışdı. Lakin AÇ-2020-də hələ xeyli oyun qaldığını nəzərə alsaq, avtoqol sayının daha da artacağını güman etmək olar.

Xatırladaq ki, AÇ-2020 çərçivəsində ilk avtoqola Türkiyə yığmasının müdafiəçisi Merih Demiral (İtaliyaya 0:3 hesabıyla uduzduqları oyunda) imza atmışdı. Polşa millisinin qapıçısı Voyçev Şesnı isə Slovakiyaya 1:2 hesabıyla uduzduqları matçda avtoqola üzülmüşdü. Almaniya yığması da məhz Mats Hummelsin vurduğu avtoqol sayəsində fransızlara 0:1 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button