Abubakr Abakarov Avropa çempionatının finalında
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlib – 4:0. Təmsilçimiz 1/4 finalda bolqarıstanlı Georgi Vangelova uduzub – 2:5.
Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib – 4:3. Bayramov 1/4 finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib – 10:0. Turan yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabıyla məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda Kamil Ribiçki (Polşa) – Zurab Kaprayev (Rumıniya) görüşünün qalibiylə güləşəcək.
Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib – 12:1. Abakarov 1/4 finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb – 7:0. Abubakr yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabıyla məğlub edərək Avropa çempionatının finalına yüksələn 5-ci güləşçimiz olub. Abakarov həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq.
Yarışa 1/4 finaldan start verən Osman Nurmaqomedov (92 kq) polşalı Radoslav Marçinkieviçi tam üstünlüklə (10:0) yolundan kənarlaşdırıb. Millimizin üzvünün yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə görüşü dramatik alınıb. Qələbəni son saniyədə sonuncu xal prinsipinə əsasən (4:4) əldən verən Osman bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilelayla güləşəcək.
Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepidən güclü olub – 5:0. Həmyerlimiz 1/4 finalda polşalı Robert Barana məğlub olub – 0:11.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri martın 30-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin