Abdullayev: “Hazırda komandanın vəziyyəti pis deyil”

Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 13-23 martda Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıq barədə açıqlama verib.

Komanda.az xəbər verir ki, Abdullayev, Xorvatiyada ən yaxşı nəticəyə imza atmağa çalışacaqlarını deyib:

“Çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq. Əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır. Ad və ya medal sayı açıqlaya bilməyəcəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq”.

O, düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib:

“Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. Ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya lazımi şəraiti yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən iki gün məşqlərimizi davam etdirməyə hesablanıb”.

13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button