Millətdən uzaqlaşdırılan milli

Abdulla İsmayıloğlu

“Ermənistan futbolunun real gələcəyi bizim uşaqlarımızdır. Siz təsəvvür etmirsiz, bizim nəinki Yerevanda və digər şəhərlərdə, həmçinin kəndlərdə nə qədər istedadlı uşaqlarımız var. Yaşı 12-yə qədər olan, böyük ümidlər vəd edən istedadlarımız daha çoxdur. Biz futbol agentlərinin başlıca vəzifəsi həmin istedadlı uşaqlarımızı mümkün qədər çox xarici futbol klublarının akademiyalarına yola salmaqdır. Qoy bu akademiya “Barselona”nın olmasın, amma “Xetafe” klubunun olsun”.

Bu sözləri erməni futbol agenti, seleksiyaçı Xoren Kalaşyan 28.11.2019-cu il tarixdə “armeniansputnik.am” saytına müsahibəsi zamanı deyib. Düşmən ölkənin futbol camiəsi nümayəndələrinin məhz bu strategiyası sayəsində Avropanın, Rusiyanın klublarında erməni futbolçular top qovur. Bəs bizim AFFA 28 ildə Azərbaycan futbolu üçün hansı strateji islahatlar apardı?

Adı çəkilən qurum futbolçularımızın Avropa klublarını qoyuram bir kənara, heç olmasa, Türkiyə ilə Rusiyanın ortabab klublarında top qovmasına şərait yaratmadı. Nəticədə milli komanda öz yerində saydı.
Bir neçə gün əvvəl “uzaqgörən” AFFA rəhbərliyi “mənim damarlarımda İsrail qanı axır, mən gerçək israilliyəm” deyən Əmir Ağayevi milliləşdirdi. Görəsən, AFFA naturalizasiya olmaq istəməyən, dilimizə, mədəniyyətimizə, himnimizə hörmət etməyən yadları yığmamıza sırımaqdan nə vaxt bezəcək?

“Mən azərbaycanlı deyiləm! Bu ölkə ilə heç bir bağlılığım yoxdur. Orda qohumlarım belə yaşamır. Mən ağulam (ləzgi dilləri qrupuna aid Qafqaz xalqlarından biri, Ağul dilində danışırlar)”.

Bu ifadələr Azərbaycan futbolunun “inkişafına” təkan vermək üçün böyük ümidlərlə milliləşdirilən Şamil Qurbanovun Ermənistanın “Uliss” klubunda baxışda olmasına görə qınanılan zaman verdiyi cavab idi. Onun ardınca, AFFA-nın Azərbaycan pasportunu peşkəş etmək istədiyi digər dağıstanlı Samux Ağaməhəmmədov isə Ermənistanın “Artsax” (hazırkı “Noa”) klubuna transfer olundu. Əcnəbilərin bu cür “təşəkkür”ünə baxmayaraq, AFFA nəinki milliləşdirməni məhdudlaşdırdı, əksinə, onun coğrafiyasını daha da genişləndirdi. Dağıstandan tutmuş Braziliyaya qədər uzanan milliləşdirmə qatarına kimlər mindirilmədi? Bir qəpiklik oyunları olmayan qurbanovlar, ladaqalar, qomeşlər, pereyralar, sokolovlar, muzikalar, axtyamovlar, çertoqanovlar, levinlər, özkaralar, gökdəmirlər və adlarını çəkmədiyim digər “sərnişinlər”. Bu cür “seçilmişlər”ə Azərbaycan atributlarını daşıyan forma geyindirilərək, ölkənin bir nömrəli, şərəf yeri sayılan komandası yaşıl meydanlarda fiaskolara uğradıldı. Bunun bugünkü acı nəticəsi də FİFA reytinqində Farer adaları, Zimbabve, Niger, Tailand kimi ölkələrdən də geri qalaraq, 114-cü sıraya yuvarlanmağımızdır. Reytinqinə görə bizdən aşağı pillələrdə olan “cırtdan dövlətlər”, hətta Əfqanıstan, İraq, Liviya, Suriya, Somali kimi ölkələr belə, özlərinin həvəskar, məhlə futbolçuları ilə meydana çıxır və bununla qürur duyur.
Haşiyəyə çıxaraq deyim ki, bizimlə birgə 70 il ittifaqda yaşamış Latviyada hər yoldan ötən əcnəbini milli komandalarına cəlb etmirlər. Cəlb edilənlər də mütləq səviyyəcə yerli futbolçulardan hər cəhətdən üstün olmalı, dövlət dilini, himni öyrənməli, qanunlara və xalqın ənənələrinə sayğı duymalıdır. Hətta milliləşdirilən futbolçu yeni pasportla təmin edildikdə ad, soyad, ata adının sonluqları latviyalaşdırılmalıdır.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov qeyd edir: “Milli futbolçularımızın əksəriyyətinin yaşı 30-a yaxındır. Onları əvəzləyə biləcək futbolçular lazımdır”. Bu sözləri deyən futbol mütəxəssisi görəsən, 28 yaşında Riçard Almeydanı, 29 yaşında Sezar Meza Kollini, “desert” olaraq da yenə 28 yaşlı Əmir Ağayevi “azərbaycanlılaşdıranda” etirazını bildirdimi? Təbii ki, yox!

Adlarını qeyd etdiyim əcnəbilər yaşda özümüzün Rauf Əliyev, Elvin Məmmədov, Vüqar Əsgərov, həmçinin hələ də oynamaq, özlərini göstərmək potensialı olan, amma çoxu klubsuz qalan Vüqar Nadirov, Vaqif Cavadov, Əfran İsmayılov, Amil Yunanov, Tural Cəlilov kimi futbolçularımız var. Onlar əvvəllər olduğu kimi, bu gün də millinin formasını geyinsələr, istənilən öz yaşıdlarındakı gəlmələrdən daha çox meydanda can qoyaraq, əzmlə vuruşacaqlar.

Veteran futbolçu, hazırda U-16 yığmamızın baş məşqçisi olan Aqil Nəbiyevin 24.02.2020-ci il tarixdə “sonxeber.net” saytına müsahibəsindən:
Kimsə deyə bilməz ki, Azərbaycanda istedadlı futbolçular yoxdur. Sadəcə, koordinatorlar, məşqçilər uşaqları düzgün yönəltməlidirlər”. Həqiqətən də, meydanda yaradıcılığı olmayan əcnəbilərə yüz minlərlə manatlar, avrolar, dollarlar tökərək milliləşdirmək əvəzinə bölgələrdə uşaq futbolunu inkişaf etdirmək, Qazax, Tovuz, Şəmkir, Gəncə, İmişli, Lənkəran şəhərlərində futbol bazası, infrastrukturuna kapitallar qoyub həmin bölgələrdə futbolu yenidən dirçəltmək olmazdımı?

Bir vaxtlar Azərbaycan futbolunda özlərinə görə ağırlığı olan, nailiyyətlər qazanan, beynəlxalq yarışlarda ölkəni təmsil edən “Xəzər Lənkəran”, “MKT-Araz”, “Karvan”, “Şəmkir” kimi klublar tarixin bataqlığına qərq olub. “Göyəzən”, “Kəpəz”, “Turan” kimi komandalar xirtdəyə qədər bataqlıqdadır. Bu cür “dəyişikliyin” başlıca “fatihə” memarı AFFA-dır. AFFA Ruslan Hacıyev, Süleyman Əhmədov, Səbuhi Abdullazadə, İdris İnqilablı, İsmayil İbrahimli, Elvin Cəfərquliyev, Tural Bayramlı, Xəzər Mahmudov, Musa Qurbanlı, Rafael Məhərrəmli, Bahadur Həziyev kimi futbolçuların irəli çəkilməsinə, eləcə də, legioner həyatı yaşayan Nurlan Novruzov, Fərid Nəbiyev, Renat Dadaşov, Kamran Quliyev, Dmitri Nağıyev, Arzuman Rizvanov, Nicat Qurbanov, Fuad Bayramov kimi futbolçularımızın daha səviyyəli klublara keçməsinə seleksiyaçılıq etmək əvəzinə, yadlara pasportumuzu sırımaqla Gülümsərov kimi limandralıqla məşğuldur.

AFFA “beynəlmiləlçi”, “multikulturalist” şüarlarla ölkənin bir nömrəli komandasının qapılarını yaradıcılıq, ustaqlıq səviyyələri baxımından “xədim” olan yad futbolçuların üzünə taybatay açan zaman, düşmənimiz haylar (ermənilər) ölkənin ucqar kəndlərində istedadlı top qovan uşaqlarını üzə çıxarıb, həm Avropanın futbol məktəblərinə yollayır, həm də dünyada yaşayan tam və yarım erməni olan perspektivli gənc futbolçuları axtarıb Ermənistan yığmasına qazandırırlar. Onlar peşəkar seleksiya işləri nəticəsində son 12-13 ildə nəinki Avropada, hətta okeanın o tayında yaşayan erməniləri də üzə çıxarıb, Ermənistan millisinin sıralarını zənginləşdirdilər. Onların içərisində İvan Yaqan (Belçikadan), Qayel Andonyan (Fransadan), Araz Özbilis (Türkiyədən), Andre Çalişir (İsveçdən), Yura Movsesyan (ABŞ-dan), Jordi Joao Moray-Ararat (Kolumbiyadan), Norberto Briasko-Balekyan (Argentinadan) və digərlərini misal çəkmək olar. Hətta yarım hay (anası erməni) olan Balekyan müsahibələrinin birində bunları deyib: “Məndə erməni köklərinin olmasına görə qürur duyuram. Ona görə də, Ermənistan millisinə dəvət ediləndə bir anlıq belə, tərəddüd etmədən qəbul etdim”.

İstər əcnəbilərin ayaqlarına səcdəyə gedərək pasportumuzu paylayan AFFA-da oturanlar, istərsə də xarici ölkələrdə yaşayan və Azərbaycan millisində oynamaq təklifinə ağız büzən azərbaycanlı futbolçular düşmən ölkənin 24 yaşlı futbolçusuna baxıb utanmalıdır. Atası xaricdən, anası bizdən, gözü-ruhu isə pulda olan Eddi İsrafilov kimilərlə hansı zəfərlər qazanmaq olar? İntizamsızlığı, çılğınlığı ilə göz oxşayan Anton Krivotsyuku “azərbaycanlılaşdıraraq” yığmanın müdafiədə olan boşluqlarını aradan qaldırdılarmı? Zatən özümüzdə həmin xarakterdə, amma sərgilədikləri oyuna görə heç də ukraynalıdan əskik olmayan Elvin Yunuszadə, Təmkin Xəlilzadə var. Niderland, Türkiyə klublarında möhkəmlənə bilməyib, ayrılma səbəbi kimi min bir bəhanələr uyduraraq “Sabah”a sığınan Ozan Can Kökçü ilə seçmə mərhələdə rəqiblərimizin müdafiə xəttini necə yarıb məyus etmək olar? Biz onun tayı olan Dəniz Yılmazı da görmüşük axı.

Bu siyahını acı bağırsaq kimi çox uzatmaq olar. Amma bu qədər… Demək istəyirəm ki, görəsən, AFFA “kamelot”u arxasında oturanlar yığmanın “sükanı arxasına” gətirdiyi növbəti əcnəbi baş məşqçi olan Canni De Byazidən savayı, daha neçə yadlara pullar sayıb, Azərbaycan pasportunu sırıyaraq, milliləşdirmə bataqlığını dərinləşdirəcək?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button