“A kişi, sən əvvəl komandanı yığ, sonra sponsorun yanına get” – Müsahibə
Bu gün cəmiyyətimizə baxsaq, görərik ki, əksər adamlarımız işsiz-gücsüz qalanda hər şeyi dövlətdən istəyirlər. Halbuki bizdə ictimai-iqtisadi quruluş elədir ki, hər bir adam istənilən sahəyə baş vurmaqla burda uğur əldə edə bilər. Təbii ki, həmin adamın bacarığı, səriştəsi və işgüzarlığı olarsa. Bu yazdıqlarımız futbola da aiddir. Əksər futbol adamları gözləyir ki, AFFA komanda yaradacaq, onlara iş, vəzifə verəcək. Əslində isə federasiyanın belə bir öhdəliyi yoxdur. Federasiya iş tapan yox, yarışları təşkil, nəzarət və idarə edən qurumdur. Yəni sən özünə komanda qurub, sponsor taparaq, federasiyaya gəlib deməlisən ki, mənim belə bir komandam var, yarışlarda iştirak etmək istəyirəm. Yoxsa deməməlisən ki, ey federasiya, mənim üçün komanda yarat, ver, mən də işləyim.
Siz aşağıda özünə komanda qurub, sponsor taparaq, öz xərclərini qarşılaya bilən bir uşaq komandasının məşqçisi ilə müsahibəni oxuyacaqsız. Həm də, bu komanda imkanları geniş olan Bakıda yox, əyalətdə, Qusarda yaranıb. Komandanın adı “Metak”, yaradıcısı və baş məşqçisi Mehman Səfərovdur. Bu şəxs futbolda iş qurmaq sahəsində kiçik də olsa, uğur qazanan adamdır. Ona görə də, qərara gəldik ki, onunla bu uğura necə nail olması barədə söhbət edək. Ümumiyyətlə, komandanı necə qurması, sponsor tapması, gələcək planları, uşaq futbolu barədə danışdıq.
- Mehman müəllim, nə vaxtdan məşqçilik edirsiz?
- Əslində, 16 yaşımdan məşqçilik edirəm. Atam Salman Səfərov uşaq məşqçisidir. O vaxtdan atamın məşqlərinə gedib, ona kömək edirdim. Turnirlərə, yarışlara da bir yerdə gedirdik. Yetirmələrimiz arasında tanınanlardan “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov, Qusar “Şahdağ”ının kapitanı Vüqar Asəliyev, futzal liqasında Qubanın “Premyer” komandasında oynayan, çempionatın bombardiri Firudin Ağalarov var. Firudun artıq “Neftçi” futzal komandası ilə müqavilə bağlayıb və yeni ildən bu klubda oynayacaq. Vüqar Asəliyevin də “Araz” və “Neftçi”yə getmək variantı var.
- Maddi təminatınız necədir?
- 2018-ci ildən “Metak” şirkəti komandamıza kömək edir. Bu səbəbdən də, komandamızın adı da “Metak”dır. Şirkət bizi hərtərəfli təmin edir, məşqçilər də normal maaş alır.
- Bəs sponsoru necə tapdız?
- “Metak” şirkətinin sahibi yerli adamdır, Qusarlıdır. Onunla komanda yaratmaq məqsədi ilə görüşdük, danışıb razılaşdıq. Hazırda Türkiyədən yeni “ekipirovkalar” sifariş vermişik, yoldadır, bu gün-sabah gəlməlidir. Məşq, oyun üçün nə lazımdırsa – top, “fişka”, “nakitka” və başqa bütün invertarlar alınıb. İş gedir. Bu gün üçün hər bir şəraitimiz var. Düzdür, lap akademiya səviyyəsində deyil. Amma razıyıq. Yarışa gedəndə AFFA yolpulu verir. Sponsor isə hər oyundan sonra bizi yeməklə təmin edir. Hansı ki, yarışan başqa komandaların belə imkanı yoxdur.
- Necə olur ki, hamı sponsor axtarır, iş qurmaq istəyir, amma onlarda alınmır, sizdə isə alındı?
- Bəlkə, qismətdir, şansdır verilib. Amma şans da öz-özünə yaranmır. Biz neçə illərdir sponsor axtarmışıq, çalışmışıq. Hər dəfə söz verən çox olub, ancaq ortalıqda heç nə olmayıb. Neçə il bir qəpiksiz işləmişəm. 2002-ci il təvəllüdlü uşaqların oynadığı dövrdən tutmuş bu günəcən, yağışda, qarda, günün altında işlədik, məşq elədik, çalışdıq ki, nəsə olsun. Sən sponsorun yanına gedəndə komandan əlində hazır olmalıdır. Deməməlisən ki, pul burax, sonra yığım komandanı. Bəziləri deyir ki, sponsorluq eləyən olsa komanda yığaram. A kişi, sən əvvəl komandanı yığ, sonra sponsorun yanına get. O da görsün ki, həqiqətən komanda var, sonra pul buraxsın. Bu pulu alandan sonra da komandaya xərclənməlidir. Sponsor görsə ki, sən onun buraxdığı pula özünə “Mercedes” alıb sürürsən, çəkilib duracaq qıraqda. Sponsor axtarmaqda da məqsədlərdən biri bu idi ki, oyunçu 15 yaşdan sonra itirdi. 15 yaşa kimi AFFA yolpulu verir. Amma bu yaşdan sonra komandalar yarıpeşəkar sayılır. Onların oynaması üçün vəsait tələb olunur. Səfər xərcləri, heç olmasa, oyundan sonra qidalanmaq üçün pul lazım olur. Amma tapa bilmirdik.
- Siz istəyirsiz ki, 14 yaşdan sonrakı liqalarda yarışasız?
- Məqsədlərimizdən biri seçilən uşaqları daha güclü komandalara verməkdir. Eyni zamanda, U-14 liqasından sonra da yuxarı liqalarda çıxış etmək istəyirik. Planda çox işlər var. Stadionumuz var, onun ölçülərini böyüdüb, damını da bağlayandan sonra ayrı-ayrı qruplarla işləyəcəyik. Hələ görəcəyimiz işlərin 10 faizinə çatmamışıq. Planda akademiya qurmaq, futzal komandası yaratmaq da var.
- Əsas məqsədiniz nədir?
- Birinci məqsədimiz şəxsiyyət yetişdirməkdir. Uşaqlar pis yerlərdən, pis vərdişlərdən uzaq olsunlar. Adam kimi yetişsinlər. Sosial baxımdan bu uşaqlar müxtəlif cür ailələrdən gəlirlər. Yəni kasıb, orta, varlı ailələrdən gələnlər var. Bunlar komandada eyni statusa malikdirlər. İstəyirik ki, uşaqlar bir-biri ilə yaxın olsun, dost olsun, ən əsası, adam olsun. Oyun planında seçilənləri futbolçu kimi yetişdirməyə çalışırıq. Sonra daha güclü, daha şəraitli komandalara vermək istəyirik ki, uşaq qabağa getsin. Planımızda var ki, xarici ölkələrdə turnirlərə qatılaq, oralarda oynayaq ki, uşaqlar inkişaf etsin. Sağlam gənc nəsil formalaşdıraq. Sabah onlar böyüyəndə hamısı futbolçu olmayacaq ki? Bir müddət sonra üz-üzə gələndə, bir var ki, avara uşaq görəsən, bir də var, tərbiyəlisini. Uşaq var ki, qabağımızda böyüyüb, ayaqqabısının ipini bağlayırdım, indi görürəm ki, tində siqaret çəkir. Amma uşaq da var ki, ağıllı, səliqəlidir, soruşanda da hardasan, deyir filan institutda oxuyuram. Adamın özünə də ləzzət eləyir. İndi biz də çalışırıq hamısı yaxşı olsun, sağlam, ağıllı gənclər yetişşin.Bir də, məşqçi uşaqlara qarşı dürüst olmalıdır. Həmin uşaq bir müddət sonra gənc olacaq, istər-istəməz biləcək ki, mən onunla 10 il əvvəl necə rəftar eləmişəm. Günü bu gün də birinci məşqçim Şərafəddin müəllimlə rastlaşanda, məni özümdən asılı olmayaraq qorxu qarışıq bir həyəcan, titrəmə tutur, tez özümü yığışdırıram. Bu, özündən böyük, doğma adamını görəndə yaranan hörmət kimidir. O, bu hörməti o öz rəftarı ilə qazanıb. Mən də istəyərdim ki, mənim futbolçularım da böyüyəndə məni görərkən bu cür hörmətlə yanaşsınlar.
- Akademiya yaratmaq istəyirsiz. Büdcəsi ilə maraqlanmısız, nə qədər pul aparır? Uşaqların qalması, yeməyi xeyli pul aparacaq.
- İnşallah, yavaş-yavaş. Bu, rəhbərliyin işidir. Bizə deyiblər hər şey yaxşı olacaq.
- Bəs sizdə sponsorun pulu necə xərclənir?
- Bizdə bütün əməliyyatlar köçürmə ilə həyata keçirilir. Əldən ələ vəsait ötürülmür. Məsələn, qış ayı olduğuna görə Qusar idman kompleksinin mini futbol zalını icarəyə götürmüşük. Bunun üçün lazım olan vəsait bank hesabı vasitəsi ilə köçürülüb. Bu şəkildə də davam edəcək.
- Çoxlu komandalar var ki, maliyyə imkanları yoxdur, eyni zamanda, Azərbaycanda yüzlərlə şirkət var. Amma bu komandalar özlərinə sponsor tapa bilmirlər. Bunun hansısa resepti var?
- Birincisi, əlində hazır komandan olmalıdır. İkincisi, bu sahənin adamı olmasan. Üçüncüsü, şansın gətirməlidir. Daha sonra iş planın olmalıdır. Hədəflərini, məqsədini göstərə bilməlisən. Dürüst olmalısan. Ayrılan pulu düzgün məqsədə xərcləməlisən. Sonra da ortaya konkret iş qoymalısan. Bir də, həvəsdən düşmək olmaz ki, bu il olmadı, buraxıram komandanı. Yox! Mən 10 il əvvəl 2002-ci il təvəllüdlü uşaqlarla başlamışam. Həmişə də sponsor axtarmışam. Söz verən çox olur, amma söhbət konkret işə keçəndə, yaxın duran olmurdu. Gərək həvəsdən düşməyəsən. Qətiyyən düşünmək olmaz ki, bu il sponsor yoxdur, komanda yığmayacam. Sən bu il yığ komandanı, gələn il olar, o biri il olar, nə vaxt olar, olar. Artıq sən sponsoru tapanda əlində konkret, sanballı komanda olacaq.
- Yaxşı, tutaq ki, məşqçi sponsorsuz komanda yığdı, çıxdı yarışlara. O ümidlə ki, bir-iki ilə sponsor tapanda komandası hazır vəziyyətdə olsun. Bəs bu bir-iki il ərzində adam necə dolanmalıdır?
- Mən özümdən misal gətirim. Turizm şirkətində əvvəl mühafizəçi, sonra anbardar işlədim. Növbədən çıxıb, gəlib məşqimi keçirdim. Boş vaxtlarım olanda maşınımla “taksavat”lıq edirdim. Futboldan gəlirim olmasa da, bu şəkildə dolanışığımı çıxarırdım. Həm də, komandada məşqlərimi keçirdim. Ən əsas şərtlərdən biri, həvəsin olmalıdır. 15-16 yaşım olanda Namiq Ələsgərova, Vüqar Asəliyevə məşqlər keçirdim. Bu yaşda atamla uşaqları yarışa aparırdım. Qaxda yarışda olanda Namiq Ələsgərov balaca, 9 yaşında uşaq idi. Gecə tək yatmağa qorxurdu. Alıb yanımda yatırdırdım ki, qorxmasın. Həmin vaxt mən yeniyetmə uşaq idim. Ancaq həvəsim var idi. Məşqçi olmaq istəyən adam üçün vacib şərtlərdən biri həvəsdir.
- Nəticələriniz necədir?
- Komanda təzə qurulub, U-10 liqasında oynayırıq. Gələn ildən dörd liqada yarışmaq istəyirik. U-10 liqasında 2010-cu illərin uşaqları oynamalıdır. Amma bizdə 4 dənə 2012 oynayır. 9 komanda arasında 5-ci yedəyik. Məqsəd odur ki, bu il sadəcə iştirak edək, gələn ildən nəticə barədə fikirləşərik.
- Mütəxəssislər deyir ki, uşaq futbolunda cədvəldə yuxarı pillələri tutmaq əsas deyil, əsas uşaq yetişdirməkdir. Siz necə düşünürsüz?
- Əlbəttə, elə də olmalıdır. Sadəcə, bizdə bilirsiz problem nədədir? Bizim valideynlər, futbolumuzun içindəki bəzi adamlar bir-iki oyun uduzan kimi deyirlər ki, bu nədir? Deməli, komandada iş getmir ki, gedib uduzub gəlirsiz. Mən də məcbur oluram, hesaba oynayım ki, uşaq, valideyn həvəsdən düşməsin. Bir məsələ də var. Uşaq liqalarında məqsəd nədir? Uşaq mümkün qədər çox oynasın. Amma bizdə yarışlar elədir ki, hər dövrədən sonra sonuncuı iki komanda yarışdan kənarlaşdırılır. Olmazmı ki, elə bu komandalar yarışların sonunadək oynasın? Yaxud, birinci dövrədən sonra yuxarı yerləri tutanlar öz arasında, aşağı yerləri tutanlar da öz aralarında oynasın ki, komandalar oyunsuz qalmasın? Mən özümüzə görə demirəm, biz üçüncü dövrəyədək oynamışıq. Amma elə komandalar var ki, gəlib beş oyun oynayır, uduzub, bütün ilboyu yarışlardan kənarda qalırlar. O zəif komandadan elə bir uşaq çıxa bilər ki, bütün çempionatda oynayan futbolçulardan güclü olsun. Bu onun günahı deyil ki, zəif komandaya düşüb.
- Biz başa düşürük ki, 10 yaşında uşaqdan nəticə tələb etmək düzgün deyil. Bəs nəticələriniz zəif olanda sponsor bunu başa düşürmü? Tələb etmirmi ki, niyə nəticələriniz yoxdur?
- Sponsor bizi tam başa düşür. Onun birinci istəyi budur ki, uşaqlar pis vərdişlərdən uzaq olsun. İclaslarımız olub, bir neçə mütəxəssis dəvət olunub. Onlar da vurğulayıblar ki, bu, bir günün, üç günün işi deyil. Uşaqlar xarici görməlidir, turnirlərə getməlidir, vitamin qəbul etməlidir.
- Komandanızda neçə uşaq məşq edir?
- 40-a yaxın uşaq var. Gəlmək istəyən çoxdur. Sadəcə, fiziki cəhətdən çatdırmaq olmur. Ona görə, sayı bu rəqəmdə saxlamışıq. Hazırda komandada 5 məşqçi işləyir: mən, Salman Səfərov, “Şahdağ”ın hazırkı kapitanı Vüqar Asəliyev, bir də, 2003 təvəllüdlü bir uşaq var, adı Emin Rüstəmovdur, o da kömək edir. Əvvəllər “Şahdağ”ın qapıçılar üzrə məşqçisi işləyən Mahir Mirzağayev indi bizim qapıçıları öyrədir.
- Komandada 5 məşqçi işləyir, bu, çox deyil?
- Bilirsiz necədir? Məsələn, mən yaxşı həvəsləndirə bilirəm, motivaya edə bilirəm, amma yaxşı məşq keçə bilmirəm. Amma o biri məşqçi yaxşı məşq keçir, lakin həvəsləndirə bilmir. İkimiz bir yerdə olanda uşaq udur. Hər ikimizdən öyrənir. Sabah həmin uşaq böyüyüb məşqçi olmaq istəsə, hər iki keyfiyyət onda olacaq. Neçə illərdir bizdə qapıçı problemi var idi. Mən komandanı hazırlayırdım, qapıçıyla məşğul olmağa vaxt olmurdu. İndi Mahir Mirzağayev qapıçılarla işləyir, görürəm ki, irəliləyiş var. Artıq qapıçılarım bilir ki, çıxış nədir, haranı bağlamalıdır, hara açılmalıdır.
- “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov deyir ki, uşaq məşqçiləri valideynlərin əlinə baxır. Düz deyirmi?
- Mən özümə görə cavab verə bilərəm. Qusarda bir adam deyə bilməz ki, hansısa valideyndən bir qəpik pul istəmişik.
- Yaxşı, sizdə yoxdur, belə hallar olurmu uşaq futbolunda?
- Ola bilər. Ancaq güclü uşaqlar kasıb ailələrdən çıxır. Təminatlı uşaqlarda çəki artımı çox olur. Həm də, bir az kompüter oyunlarına meyl edirlər, bədənləri hərəkətsiz qalır. Evdən futbola çarəsiz gətirirlər ki, bir az başı qarışsın, bədəni fiziki hərəkətlər etsin. Futbol onlar üçün ikinci dərəcəli məsələdir. Hansı uşağı valideyn gətirir, görürsən ki, imkanlıdır. Elə də olur ki, uşaq özü gəlir, maraqlanırsan ki, atası ya fəhlədir, ya ustadır. Əksər hallarda bu uşaqlardan yaxşı futbolçu çıxır.
Vüqar Məmmədov
Bizi Facebook-da izləyin