Premyer Liqaya vəsiqə ehsan deyil!
Rəşad Ergün
Azarkeşləri başa düşmək olar, azarkeşdirlər, onlar üçün futbol qaydalarının, qanunlarının elə də fərqi yoxdur. Amma gözəlim idman mediasının və bığlı-saqqallı futbol mütəxəssislərinin, məşqçilərin, baş məşqçilərin “Turan Tovuz”la “Kəpəz”in qeyri-qanuni olaraq Premyer Liqaya buraxılmasına münasibətini görəndə dəhşətə gəlirəm. Siz nə vaxt bu günə düşdüz? Sizi kim bu günə saldı?
A kişi, a jurnalist, a veteran, Premyer Liqaya vəsiqə ehsan deyil! Elitaya ayağının və başının gücü ilə vəsiqə qazanmalısan. Birinci divizionda 7-ci yerdə olan “Kəpəz”lə özünü 10-cu pilləyə pərçimləyən “Turan Tovuz” hansı haqla növbəti mövsümdə Premyer Liqada oynamalıdır?
Deyəsən, Rövnəq Abdullayevlə Elxan Məmmədovun AFFA-sı ötən illər ərzində sizin hamınıza futbolun təməl prinsiplərini, rəqabəti, qayda-qanunları unutdurub. Vallah, billah, aşağı liqadan yüksək liqaya çıxmaq üçün vəsiqə 7-ci, 10-cu yerdə olan komandalara verilmir. Vallah, billah, bu cür biabırçılıq ancaq Azərbaycanda normal, sanki belə də olmalı imiş kimi qəbul edilir. Vallah, billah, “Turan Tovuz”la “Kəpəz”in Premyer Liqada olması çox yaxşı haldır, mən Zaqatala, Lənkəran, Qusar komandalarının da Premyer Liqaya buraxılmasını istəyirəm” cümləsini quran adamın futboldan anlayışı yoxdur. Ya da var, sadəcə “Azərbaycan futbolu”ndan.
Başınızı hara soxmusuzsa, çıxardın, dünyaya, Avropaya baxın. Futbola “kim güclüdürsə, o da qazanmalıdır” düşüncəsi ilə baxan dünyaya, Avropaya. Elə indi, bu dəqiqə başınızı soxduğunuz yerdən çıxarın və baxın.
P.S. “Bura Azərbaycandır e, nə qayda, nə qanun?” söyləndiyinizi duyarmış kimi oldum. Bura Azərbaycandır və burda qaydalar-qanunlar işləmirsə, ya da, kimlərinsə kefinə görə işləyirsə, siz jurnalistika etikasını, məşqçi kimliyinizi, vicdan və ədalət anlayışlarını bu “qayda-qanunlar”a görə tənzimləməlisiz, onlardan vaz keçməlisiz?
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin