“Kəpəz” rəsmisi: “Ot örtüyünun düzəlməsi üçün…”
Azərbaycan Premyer Liqasının 28-ci turunda “Səbaili” qəbul edən “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun qazonunun (arenanın tribunaları da qəzalı vəziyyətdədir) acınacaqlı durumu son günlər əsas müzakirə mövzularından biridir.
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov “Aut.az” saytına açıqlamasında Gəncə şəhər stadionunda yoxlama keçirəcəklərini və qazonun bərpa edilməyəcəyi halda, orada matçların keçirilməyəcəyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. “Kəpəz”ə Gəncədəki stadionda ev oyunlarını keçirmək üçün icazə verilməsə, klubun alternativ planı varmı” sualını ünvanladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında məsələ ilə bağlı belə deyib:
“Biz ev oyunlarını Gəncədə keçirməyə yüklənmişik. Növbəti ev oyununa hələ vaxt var. Ot örtüyünun düzəlməsi üçün mütəxəssislər çalışır”.
Gəncə təmsilçisi hazırda Azərbaycan çempionatının turnir cədvəlində 25 xalla 7-ci pillədə qərarlaşıb. 29-cu turda komanda səfərdə “Qarabağ”la qarşılaşacaq. “Kəpəz” Gəncədə ev oyununu aprelin 15-də, “Turan Tovuz”a qarşı keçirəcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin