“Artıq Ermənistana yerini göstərməyin vaxtı gəlib çatıb” SORĞU
Bir neçə gündür Azərbaycanda hər kəsin diqqəti yenidən cəbhə bölgəsinə yönəlib. Bölgədə vəziyyət yenidən gərginləşib, döyüşlər gedir. İllərdir Qarabağ uğrunda sülh danışıqları aparılsa da, belə döyüşlər də gedir və bundan yenə zərər çəkən xalq olur, həm itki verərək, həm ümidlənib, sonra məyusluq yaşayaraq və həm də psixoloji zərbə alaraq. Qarabağ hər bir azərbaycanlı vətəndaşın həmfikir olduğu, birlik göstərdiyi məsələdir və hər kəs səbrinin son damlalarından yararlanır. Sosial şəbəkələrdə insanların müharibəyə hazır olduğu və sözün əsl mənasında hər bir vətəndaşın torpaqları qaytarmaq üçün alışıb-yandığını görmək olur.
Bu çətin günlərdə və fikirlərin, müzakirələrin gündəmi zəbt etdiyi bir vaxtda biz də futbol ictimaiyyətinin fikrini öyrənmək istədik. Hər halda, beynəlxalq arenalarda, avrokubok oyunlarında Azərbaycanı təmsil edən həm də futbolçular, komandalardır. Lakin bu dəfə onlara müraciət edib, idmançı kimi deyil, vətəndaş, torpağından məhrum olan və bu itkini hər dəfə şəhid xəbəri ilə yenidən yaşayan azərbaycanlı kimi suala cavab vermələrini xahiş etdik: Bizə müharibə lazımdırmı?
Jurnalistlərin, mütəxəssislərin və futbolçuların fikirləri belə oldu:
Şahin Diniyev (Azərbaycan millisinin keçmiş baş məşqçisi):
“İdmançılar, futbol adamları üçün maraqlı sualdır. Siyasətçilər bu işin içərisində olan insanlardır, amma biz bir vətəndaş kimi cavab verə bilərik. Müharibə birmənalı olaraq heç bir xalqa lazım deyil. Kimsə istəməz ki, hansısa vətəndaşımız, xalqımızın cavan nümayəndələri şəhid olsun, gənc yaşında bu dünyadan köçsün, amma elə məsələlər var ki, bunları qeyd etməliyik. Mənfur düşmənlərimizlə 30 ilə yaxındır ki, sülh danışıqları gedir. Azərbaycan illərdir xalq olduğunu sübut edərək, bu yolu tutub irəliləyir, sülh yolu ilə torpaqlarımızı geri qaytarmağa çalışır. Amma ermənilər danışıqlar üçün heç bir sərhəd qoymayıb, həyasız bəyənatlarla çıxış edirlər. Heç bir beynəlxalq normanı qorumayan, dırnaqarası baxan, hegemonluq etmək istəyən, kiçik olsa da, özünü böyük aparması, Türkiyə prezidentinin də dediyi kimi, başından böyük oyunlara girişməsi – bunlar xalqı qırılma nöqtəsinə gətirir. Müharibə olsa, Ermənistan nəinki vətəndaşını itirəcək, aldığı torpaqlardan məhrum olacaq, hətta bir ölkə kimi yox olma təhlükəsi ilə üz-üzə qalacaq. Artıq Ermənistana yerini göstərməyin vaxtı gəlib çatıb. Xalqın da bir qüruru, səbr nöqtəsi var. Artıq bütün kartlardan istifadə olunub. Həm beynəlxalq səviyyədə, həm də bizim dövlətimiz səviyyəsində hər bir addım atılıb. Biz düz yoldayıq, zərər çəkən bizik. Artıq ikili standartlar, xristianlıq məsələsi rol oynamağa başlayıb, məsələ dinə yönləndirillir. Məncə, artıq yol bitib. Mən də vətənini sevən bir insan kimi şəhidlərimizin qanını yerdə qoymamaq, qaçqınlarımızı doğma torpaqlarına geri qaytarmaq üçün müharibəni labüd hesab edirəm. Biz müharibəni istəmirik, bizi buna məcbur edirlər. Fikirlərim səhv və ya düz ola bilər, amma bu, mənim şəxsi düşüncəmdir. Artıq başqa yol qalmadığı üçün bunu etməliyik. Hər dəfə bizim gənc əsgərlərimiz həyatını itirir. Bunu heç kim – heç bir valideyn istəmir, amma buna son qoymaq lazımdır. Artıq 30 il vaxt keçib, bu məsələni gələcək nəsillərə ötürməmək üçün də gecikmişik. Vaxt bitib. Biz bu gün həyatdayıqsa, xalq olaraq mövcuduqsa, bu məsələni həll etməliyik. Bunu bizdən başqa heç kim etməyəcək. Bəli, yanımızda olan dövlətlər, qardaşlarımız var, amma o yükü əsas çəkən bizik, dövlət və xalqdır. İllərdir gözləyirik, insanlar doğma torpaqlarını görmədən həyatdan köçüb gedirlər. Bu baxımdan düşünürəm ki, vaxtı deyil, vaxt çoxdan keçib. Bizim dövlətimiz beynəlxalq normalara riayət edən dövlət, xalqımız sülhsevər xalqdır, amma bu qədər də yox. Artıq həyasızlaşmış bir rejimin qarşısındayıq və düşmənə yerini göstərməyin vaxtıdır”.
Kənan Məstəliyev (idman jurnalisti):
“Müharibə mütləqdir! 30 ildir bu gün-sabah eləməyin, işi BMT və ATƏT kimi əhəmiyyətsiz, heç bir işə yaramayan qurumların üzərinə ötürməyin, rusdan-farsdan qorxmağın başını buraxmağın vaxtıdır artıq. Nə qədər haqlı ola-ola müdafiə olunmaq olar? Hesabda geriyik, oyunun bitməsinə az qalıb, rəqib meydanın bizə aid hissəsindədir, qaydaları poza-poza sağdan-soldan üstümüzə gəlir, biz isə öz qapımızın önündə müdafiə oluna-oluna geri çəkilirik. Bəs qolu kim vuracaq, nə vaxt vuracağıq? Udmaq istəmirik oyunu? Bu mənasız “katenaçço” ilə hara qədər getmək fikrindəyik? Hücum eləmək lazımdır, hücum. Mən övladlarım böyüyəndə onların “niyə döyüşmədiz” sualı ilə üzləşmək, cavab tapa bilməmək istəmirəm. Nə qədər ki, şans var, əldə imkan var, müharibə başladılmalı, başa çatdırılmalıdır”.
Araz Əhmədov (idman jurnalisti):
“Birinci Qarabağ savaşında bizim formalaşmış ordumuz yox idi. Üstəlik, həmin dövrdə sovetlər imperiyasının caynağından yeni qurtulan və suverenliyini elan edən Azərbaycan Rusiyadan böyük dəstək görən Ermənistandan fərqli olaraq, irimiqyaslı müharibəyə hazır deyildi. Bu da təbii ki, torpaqlarımızın işğal olunması ilə nəticələndi. İndi isə vəziyyət fərqlidir. Hazırda Azərbaycan silahlı qüvvələri Zaqafqaziyada ən çoxsaylı və güclü ordu hesab edilir. Uzun illərdir atəşkəs rejimi olsa da, biz daim ermənilərin təxribatı ilə üzləşirik, şəhid veririk. Tez-tez bu təxribatlar böyük həcmli əməliyyatlarla müşaiyət olunur. Azərbaycan gec-tez işğal olunmuş Qarabağı və ətraf rayonları azad etməlidir. Bu, sülh yolu ilə mümkün olmayacaqsa, ki, olmur, təbii ki, müharibə qaçılmazdır. Biz hər an müharibə yolu ilə torpaqlarımızı azad etməyə hazır olmalıyıq”.
Ayxan Abbasov (“Sumqayıt” klubunun baş məşqçisi):
“Bizim illərdir ən böüyük yaramız, yaralı yerimiz Qarabağdır. Bu torpaqlar əvvəl-axır qaytarılmalıdır. Əlbəttə, bu, siyası məsələdir, dövlətimiz hansı addımı nə zaman atmaq lazımdır, daha yaxşı bilir. Amma xalq, bu xalqın hər bir nümayəndəsi torpaqları geri istəyir. Bu torpaqlar uğrunda şəhidlərimiz var, onların qanı yerdə qalmamalıdır, bu torpaqlar geri alınmalıdır! İnanıram ki, dövlətin verəcəyi hər bir qərara xalq hazırdır. Əsas odur ki, torpaqlarımız geri qaytarılsın”.
Elvin Məmmədov (“Sumqayıt” klubunun futbolçusu):
“Biz neçə illərdir bu günləri gözləyirik. Hər dəfə gənc hərbçilərimiz, əsgərlərimiz həlak olur. Dövlət nə qərar versə, onu dəstələyirik, bir futbolçu olaraq bunu deyirəm. Niyə də müharibə olmasın?! 30 ildir gözləyirik. Bu ya o tərəfli olmalıdır, ya bu tərəfli, mən belə fikirləşirəm. Dövlət daha yaxşısını bilir, biz sadəcə mediadan oxuyuruq. Dövlət rəhbərliyi bildirsə ki, biz müharibəyə tam hazırıq, onda heç kim qaça bilməz. Əmr gəlsə, hamımız müharibəyə getmək üçün hazır olacağıq”.
Rauf Əliyev (“Səbail” klubunun futbolçusu):
“Bir idmançı kimi bu barədə dəqiq nəsə deyə bilmərəm, bu, dövlətin işidir, siyasətdir. Təbii ki, kimsə istəməz müharibə olsun, sülh yolu ilə olsa, daha yaxşı olar. Müharibə qərarı verilsə belə, inanıram ki, xalqımız buna tam hazırdır. Azərbaycanın hər bir oğlu, vətəndaşı buna hazır vəziyyətdədir”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin