
Ağasəlim Mircavadov “Qarabağ”ı sakit oynamağa çağırdı
“Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə İspaniya təmsilçisi “Atletik”lə qarşılaşacaq.
İlk iki turda maksimum nəticə göstərən “köhlən atlar”ın bu matçından gözləntiləri ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.
Mircavadov Komanda.az-a açıqlamasında “Qarabağ”a xal lazım olduğunu bildirdi:
“Oyun bizə nə göstərə, nə verə bilər? Onların xalı yoxdur. “Qarabağ”ın iki matçdan sonra 6 xalı var, onlarda isə bu 0-dır. Yəni, 24 komanda arasına düşmək üçün “Qarabağ”a xal lazımdır. Qələbə ağdamlıları həmin formata yaxınlaşdırır. Daha sonra burda “Ayaks”la qarşılaşacaqlar. Niderland təmsilçisi də o deyil, əvvəlki “Ayaks” deyil. Oyunları görürük, izləyirik və baxırıq. Bu oyun həlledici olmasa belə, “Qarabağ”a çox şans yarada bilər.
Düzdür, “Qarabağ” bütün matçlarda öz oyununu oynayır. Bu çox əladır, onun söhbəti yox. Amma “yanma” məsələsi var da. Daha da həyəcanlı olsalar, çox istəkli olsalar ki, biz udaq, bu mənada – elə düşünürəm ki, “Qarabağ” sakit oynamalıdır. Sakit oynamalı və öz şansını axtarmalıdır. Şans da onlarda var, çünki “Qarabağ” komanda olaraq çox yaxşıdır. “Qarabağ”da qol vuran oyunçu axtarırıq, amma görmürük. Var, amma hələ hücumda açılmayıblar. Amma ayın 22-dəki oyun çox şans verə bilər.
Bir də, yaddan çıxarmayaq ki, “Atletik”in xalı yoxdur, ölkə çempionatında da zəif çıxış edirlər. Oyunçularının əksəriyyəti zədəlidir. Bu da bizə şans yaradır ki, “Qarabağ” istədiyinə nail olsun. Amma bilirik ki, bu, İspaniya klubudur, onların öz oyunu var.
“Qarabğ” “Atletik”in orta xəttini topsuz saxlasa və yaxşı mübarizə aparsa, deyərdim ki, qələbə qazanar”.
“Atletik”in xalsız qalmasının bu oyuna hansısa təsiri ola bilər” sualına Mircavadovun cavabı isə belə oldu:
“Əlbəttə, “Atletik” üçün böyük motivasiya olacaq. Səhv etmirəmsə, stadionları 50, yoxsa 60 min azarkeş tutumuna (54 minə yaxın – red.) malikdir. Bəli, bu, böyük üstünlükdür, onlar üçün deyərdim ki, sonuncu şansdır. Yaddan çıxarmayaq ki, hər xal “Qarabağ”ı “24-lüy”ə yaxınlaşdırır. Əsas olan budur. Amma hazırda, yenə də deyirəm ki, sakit oynamaq lazımdır, həyəcan olmamalıdır. Çünki “Qarabağ” neçə illərdir Avropada çıxış edir. Builki çıxışı da çox xoş təsir bağışlayır. Yəni, öz oyununu oynamalıdır. Mən bunu əminliklə deyə bilərəm. Amma bir məsələ var ki, qol fürsətlərindən yararlanmaq lazımdır. Çünki avrokuboklarda bir-iki qol fürsəti olur. Bax, onu qola çevirmək lazımdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



