“Bizdə futbolçuları “topu at qabağına, qaçsın” düşüncəsi ilə yetişdirmək istəyirlər” – SORĞU

“Qarabağ” neçə illərdir avrokuboklarda – Konfrans Liqasında, Avropa Liqasında, Çempionlar Liqasında, Azərbaycan millisi isə AÇ və DÇ-nin seçmə mərhələlərində, Millətlər Liqasında çıxış edir. Buna baxmayaraq, azərbaycanlı futbolçulara daha yuxarı səviyyəli klublardan hansısa təklif yoxdur.

Komanda.az “Bunun səbəbini nədə görürsüz” sualı ilə idman mediasında çalışan həmkarlarımıza müraciət edib:

İlkin Vaqifoğlu (“sportinfo”):

“İlk onu qeyd etmək lazımdır ki, “Qarabağ”ın heyətinin əsasını legionerlər təşkil edir. Və “Qarabağ”da Qurban müəllim (Qurban Qurbanov) hər dəfə 4-5 azərbaycanlıya şans verir. Bu 4-5 azərbaycanlının düşünürəm ki, Avropadan təklifi ola bilər və var. Bu gün “Qarabağ” həmin yerli oyunçuların Avropaya çıxışına icazə versə, onların heç biri burda qalmaz. Mən bu qənaətdəyəm. “Qarabağ”da çıxış edən yerli futbolçuların hər biri Avropa klublarında çıxış etməyə qadirdir, layiqdir. Sadəcə olaraq, onların getmək istəməmək üçün bir niyyətini görürəm. Çünki “Qarabağ”da dayanaqlıdırlar, belə demək olarsa, “uzunömürlüdürlər”. Və həmçinin, “Qarabağ”ın heyətində avrokuboklarda daim çıxış edib, yaxşı da pul qazanırlar. Ona görə də, onlar düşünürəm ki, Avropaya getməyə bir o qədər də meyl etmirlər. Amma fikir versək, görərik ki, hər transfer dönəmində istər “Qarabağ”ın yerli, istərsə də, legioner futbolçularına Avropadan, Asiyadan nə qədər təkliflər gəlir. Bu bir məsələ.

Azərbaycan millisinin uğursuz çıxışını qeyd etmək istəyərdim. Nə vaxt baxırsan bizim milli təəssüf ki, uduzur. Belə olan halda, davamlı şəkildə uduzan komandanın futbolçularına kim maraq göstərər? Düzdür, deyə biərsiz ki, “Qarabağ” amili də var. Belə bir şey deyim, tutaq ki, bir komanda, milli komanda olaraq davamlı şəkildə məğlubiyyətlərlə üzləşirsə, FİFA reytinqində 100-lüyə düşə bilmirsə, təbii ki, həmin ölkənin millisinin futbolçularına maraq istənilən halda az olacaq. Digər bir tərəfdən, mən burda menecerlik faktını qeyd edərdim. Nədənsə əksər menecerlər çalışır ki, Azərbaycana legioner gətirsin. Burdan xaricə futbolçu çıxarmaq istəyən menecer azdır. Düzdür, son vaxtlar bəzi müsbət tendensiyalara rast gəlirəm və misal üçün, Emil Əsədov menecer kimi Rüfət Abdullazadənin Xorvatiyaya gedişini təmin etdi. Əvvəllər də bu səpkidə çalışan menecerlərimiz olub. Amma təəssüf ki, onların sayı azdır. İndi mən istəyərdim ki, Emil Əsədov kimi azərbaycanlı gəncləri Avropaya apara biləcək və bu cür əlaqələri olan menecerlərimizin sayı çox olsun. Belə menecerlərin sayı nə qədər çox olsa, təbii ki, yavaş-yavaş digərlərinə də yol açılacaq. Çünk xatırlayıram, 2000-lərin əvvəllərində Kamal Quliyev, Samir Əliyev Ukraynada “Volın”la müqavilə bağladıqdan sonra nə qədər futbolçumuz bu ölkənin çempionatına getdi. Əsas cığır açmaqdır. Cığır açan futbolçular getdikləri ölkədə yaxşı mövsüm keçirərsə, yaxşı iz buraxarsa, onların ardınca nə qədər futbolçumuz xaricə gedə bilər. Bunlar hamısı bir-biri ilə əlaqəli olan proseslərdir”.

Natiq Muxtarlı (aut.az):

“Səbəb çox sadədir: Azərbaycanlı futbolçuların səviyyəsi Avropada rəqabət aparmaq üçün yetərli deyil. Bununla mən azərbaycanlı futbolçuları aşağılamaq istəmirəm. Yox, günah qətiyyən onlarda deyil. Sadəcə, onlara futbolu belə oynamağı öyrədiblər ki, bu da Avropa səviyyəsi ilə uyğunsuzluq təşkil edir. Mahir Emreli “Legiya”ya gedəndən sonra etiraf etdi ki, uşaq futbolunda öyrənməli olduqlarını indi burada öyrədirlər ona. Elə “Nürnberq”in baş məşqçisi Miroslav Kloze də Mahirlə bağlı oxşar açıqlama vermişdi, demişdi ki, top autdan oyuna daxil ediləndə Mahir harada mövqe tutmalı olduğunu bilmir. Bütün bunlar Azərbaycanda uşaq futbolunun real durumunu əks etdirir, bərbaddır durum. Azərbaycanda istedadlı uşaqlar var, amma istedad işin 25 faizidir, qalanı isə təhsildir, futbol təhsilidir. Bizdə müasir futbolu uşaqlara aşılaya biləcək məşqçilər, kadrlar yoxdur. Bizdə futbolçuları “topu at qabağına, qaçsın” düşüncəsi ilə yetişdirmək istəyirlər. Təbii ki, belə düşüncə ilə futbolçu yetişdirmək mümkün deyil. Ona görə də, bu gün əsas milli bir tərəfə qalsın, U-17, U-19, U-21 millisinin üzvləri beynəlxalq oyunlara çıxdıqda onların nə qədər zəif olduqları aşkar hiss edilir. Biabırçı hesab bir tərəfə, bizim uşaqlar meydanda düşünə bilmirlər sanki. Qərar vermək qabiliyyəti sıfırdır. Bütün bunlar hamısı futbol elmi nəticəsində aşılanmalıdır uşaqlara. Rəqiblərin meydanda necə ağıllı – istər topla, istərsə də topsuz – hərəkət etdiyini görürük. Bunun fonunda azərbaycanlı futbolçu əlifbanı da bilməyən şagird təsiri bağışlayır. Mahir Emreli Avropada uğurlu olsaydı, azərbaycanlı futbolçulara maraq artardı. Amma Mahir Avropada artıq 4-5 klub dəyişib, heç birində əsas heyətə düşə bilməyib. Bütün bəhanələri bir tərəfə tullamaq lazımdır, bu o deməkdir ki, azərbaycanlı futbolçular zəifdirlər. Amma onların zəif olmasının səbəbi də bəllidir: Azərbaycanda futbol elmi yoxdur. Azərbaycanda futbol hələ də ayaq oyunu kimi qəbul edilir. Ancaq bütün dünyada futbol çoxdan beyin oyunudur”.

Kənan Məstəliyev (“rekord.az”):

“Azərbaycanlı futbolçulara təklif gəlməməsinin bir neçə səbəbi var. Birincisi, futbolçularımızın səviyyəsi o qədər də yüksək deyil, məsələ təkcə 3-5 oyunçudan getmir. Yəni, ümumilikdə Azərbaycan futbolundakı futbolçuların bacarıq səviyyəsi o qədər də yüksək deyil. “Qarabağ”da, “Neftçi”də oynayan 20-30 nəfəri çıxmaqla qalanları rəqabətə davamlı deyil.

İkinci məsələ odur ki, Azərbaycan pasportu var deyə, Avropa Birliyində oynamaq şanslarımız aşağıdır, çünki orda Avropa Birliyi pasportu olan futbolçular yerli futbolçu statusunda çıxış edirlər. Ona görə də, “böyük beşlik” ölkələrində azərbaycanlı futbolçulara şans verilmə ehtimalı aşağı olur.

Üçüncü məsələ odur ki, gedən futbolçularımız özləri haqda o qədər də müsbət iz buraxmayıblar. Yəni, yetərincə uğurlu çıxış edə bilməyiblər. Bu səbəbdən də, azərbaycanlı futbolçuların Avropaya transfer olunması adəti, ənənəsi formalaşmayıb. Yəni, adətən belə olur ki, hansısa bir ölkədən yaxşı bir futbolçu olanda, o, ardınca başqalarını da gətirə bilir, tövsiyə edə bilir.

Növbəti səbəb agentlərimizin yaxşı işləməməsidir. Yəni, futbol agentlərimiz, hansılar ki, FİFA statusuna malikdir – onların məqsədləri azərbaycanlı futbolçuları kənara çıxarmaq deyil. Düzdür, içərilərində istisnalar var, onlar çalışırlar. Amma ümumilikdə azərbaycanlı futbolçunu Avropaya çıxarmaqda maraqlı deyillər. Burdan çox da ciddi maliyyə qazanmırlar deyə, əsasən, fikirləri Azərbaycana, özü də legioner gətirmək olur. Ona görə buna diqqət etmirlər.

Beşinci səbəb də futbolçularımızın getmək istəməməsidir. Burda rahatdırlar, Azərbaycan çempionatında daha rahat top qovurlar, daha yaxşı pul qazanırlar. Düzdür, perspektiv yoxdur, özləri də bunu bilirlər. Amma Azərbaycandan kənara çıxmaq istəmirlər. Niyyətləri yoxdur. Gedib orda artıq əziyyət çəkmək istəmirlər. Komfort zonadadırlar. Öz komfort zonalarından çıxıb, 1-2 il az maaşa oynayıb, sonradan perspektivli, daha böyük klubdan gələcək təklifi gözləmək niyyətində deyillər. Ailələri üçün darıxırlar, ata-anaları üçün, Azərbaycan, Bakı üçün darıxırlar. Narahatdırlar, ona görə də getmək istəmirlər. Getmək istəsəydilər, başqaları da onların arxasınca gələrdi və belə bir kütlə yaratmış ola bilərdik. Təəssüf ki, futbolçularımız mənfi mənada vətənə, torpağa bağlıdılar. Azərbaycana bağlıdılar və bu da onların karyeralarının inkişafına mane olur”.

Mehman Süleymanov (“presssport.az):

“Azərbaycan millisi 1994-cü ildən bu yana dünya və Avropa çempionatlarının seçmə məhələlərində çıxış etsə də, elə bir nəticəsi olmayıb. Daha çox qrup autsayderi olmuşuq, ara-sıra qələbələrimiz olub. İkinci bir məqam, “Qarabağ”, bəli, artıq 2014-cü ildən bu yana daimi qrupa düşmə ənənəsi var. Amma burada legionerlərin rolu daha böyükdür. Hər halda, heyətdə daha çox legionerlər çıxış edir. Bəli, azərbaycanlı futbolçulara da baş məşqçi Qurban Qurbanov şans verir. Ancaq adları hər dəfə, xüsusən də, Türkiyə klubları ilə yanaşı hallansa da, ortada bir real təklif olmur. Uzun illər – legioner limiti olan dövrdə futbolçularımız çox yaxşı qazanıblar. Onlara, belə deyək də, hardasa süni təlabat olub, yəni, əsas heyətə layiq olmadıqlar halda limitə görə oynayıblar. Bu məqam da sözsüz, öz təsirini göstərib. Yəni, evdə həmin pulu qazanılar, niyə kənara çıxsınlar? Böyük fərq olmayacaq və üstəlik orda daha çox tər tökməli olacaqlar.

Bundan əlavə, agent sistemi də bizdə istənilən səviyyədə deyil. Amma digər tərəfdən də, məhsul yaxşı olsun ki, onu da bazara çıxarasan. Bir məqam da var ki, gürcülər məlumdur da, onlar bir brenndir, uzun illərdir öz sözlərini deyiblər… Təbii ki, onlardan xaricə axın davam edir. Amma Azərbaycan futbolçuları o brend ola bilmirlər. Biri harasa çıxsa, özünü sübut etsə, göstərsə, təbii ki, ona görə digər futbolçularımıza da maraq olar. Son illərdə ən bariz nümunə – alqışladıq ki, Mahir Emreli pulu deyil, legioner karyerasını üstün tutaraq, neçə illərdir ölkə xaricində çıxış edir. Amma hər dəfə klubunda bir problemi olur, artıq dördüncü klubudur. Və təbii ki, Mahir Emreli öz sözünü deyib, daha yaxşı çıxış edib brend olsaydı, digər futbolçularımızın da gedişinə böyük təkan olardı. Amma acı reallıq budur ki, yeni keçdiyi klubunda neçə oyundur ki, adı heç iştirak ərizəsinə düşmür. Bütün bu məqamları nəzərə alsaq, görünən odur ki, azərbaycanlı futbolçular daha çox öz vətənlərində çıxış edirlər və ya, çıxış etməyi üstün tuturlar”.

Anar Şabanoğlu (“sports.az”):

“Etiraf edək ki, “Qarabağ”ın uğurlarında azərbaycanlı futbolçuların legionerlər qədər payı yoxdur. Milliyə gəlincə, zəif oynamışıq, yaxşı klubların diqqətini çəkə bilməmişik. Bununla belə, Mahir Emrelinin “böyük beşliy”ə – “Sankt Pauli”yə düşmək şansı vardı. O da alınmadı. İndiyəcən TOP-5 liqadan birini görmüş yeganə futbolçumuz Vəli Qasımov olub.

Problemlər haqda çox danışılıb. İlk növbədə uşaq futbolu. Avropa səviyyəli futbolçu yetişdirmək üçün infrastruktur, mütəxəssis, sistem, heç nə yoxdur. Uşaqlar elə şəraitdə məşq edir, oynayır ki, bu, onların nəinki futbolçu olmasına, sağlamlıqlarına ömürlük təhlükəlidir. Keyfiyyətsiz süni örtüklü meydançalar təbiilərlə dəyişdirilsə, Avropa səviyyəli mütəxəssislər yetişdirilsə, Avropadakı kimi yanaşma, sistem olsa, mütləq bu problem aradan qalxacaq. “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı performansı da bəzi futbolçularımıza təkan ola bilər. Məsələn, Elvin Cəfərquliyevin hansısa TOP-5 liqa təmsilçisindən təklif alma ehtimalı var. Məncə, belə bir şey olsa, düşünmədən getsin”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button