
Serxio Ramos “Santyaqo Bernabeu”da konsert vermək istəyir
“Real”ın sabiq kapitanı Serxio Ramos musiqi sahəsindəki fəaliyyəti ilə yenidən diqqət mərkəzinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yaxın gələcəkdə “Santyaqo Bernabeu”da konsert vermək istədiyini bildirib:
“Ümid edirəm ki, gələcəkdə “Santyaqo Bernabeu”da konsert elan etmək imkanım olacaq. Bu, əla bir şey olardı. Amma hər şey addım-addım olmalıdır”.
Hazırda Meksikanın “Monterrey” klubunda çıxış edən 38 yaşlı müdafiəçi bu yaxınlarda “Cibeles” adlı mahnı təqdim edib. Mahnı Madridin mərkəzində yerləşən və “Real” azarkeşlərinin klubun qələbələrini qeyd etdiyi məşhur fontana həsr olunub. Ramos bu bəstədə “Real”a olan sevgisini ifadə etməklə yanaşı, 2013/14 mövsümündə “Atletiko”ya qarşı UEFA Çempionlar Liqasının finalında, 93-cü dəqiqədə vurduğu qola da toxunur. Mahnıda o, həmçinin, son illərdə Madrid ictimaiyyətindən kifayət qədər dəstək görməməsini tənqid edir.
Bizi Facebook-da izləyin



