“Sabah” göstərdiyi oyuna görə bu məğlubiyyətə layiq deyildi” – MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Komanda.az saytına müsahibə verib. Milli komandanın sabiq baş məşqçisi “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya “Çelye”si ilə oyunları haqda fikirlərini bölüşüb:

Vaqif bəy, “Sabah”ın “Çelye” ilə ilk oyunu haqda (2:3) nə deyə bilərsiz?

– İlk olaraq ondan başlamaq istərdim ki, bizim Avropada çıxış edən hər bir klubumuzdan gözləntilərimiz də, inamımız da böyükdür. İstəyirik ki, bu il komandalarımız Avropa oyunlarında klub səviyyəsində özlərini yaxşı tərəfdən göstərsinlər. Hələ ki, “Sabah” bu mübarizəyə qoşulan ilk klubdur, istər-istəməz məsuliyyəti də çoxdur. Bunun digər klublarımızın oyununa müsbət və mənfi təsirləri ola bilər. Yəni, ilk oyunda rəqibin güclü olmasına baxmayaraq, hamımız “Sabah”a inanırdıq. Düzdür, mən həmişə bildirirdim ki, rəqib kağız üzərində favoritdir, keçmişdə hansısa nəticələr əldə edən komandadır. Biz müzakirə edəndə bildiririk ki, böyük bir təcrübəyə sahibdir. Və açığı deyim ki, “Sabah” göstərdiyi oyuna görə bu məğlubiyyətə layiq deyildi. Oyunda yaradılmış qol epizodlarından tam şəkildə yararlana bilsəydilər, biz üstün tərəf kimi ayrılardıq. Ancaq son dəqiqələrdə rəqib bizə belə bir şok yaşatdı. Bu da, bundan əvvəl vurğuladığım kimi, biz Sloveniya klubunun böyük bir təcrübəyə sahib olduğunu hiss etdik. Komanda o qədər üstün oyun göstərməsə də, qol fürsətlərindən tam şəkildə yararlandı və ilk oyunda bizim komandamızı məğlub edə bildi.

– Sloveniyada keçiriləcək cavab matçından gözləntiləriniz nədir?

– Çoxu bəlkə də, fikirləşir ki, “Sabah” artıq ilk oyunda məğlub olubsa, Sloveniyada ancaq hansısa bir möcüzə baş verməlidir. Mən isə elə hesab edirəm ki, “Sabah”ın ilk matçda göstərdiyi oyun, potensial üzə çıxmışdı. Yəni, komandanın pontesialı var və müsbət nəticə gözləmək olar. Mən həmişə nümunə kimi müqayisədə ölkə kubokunun final oyununu yada salıram. Çoxumuz fikirləşirdik ki, bu oyunda aşkar favorit “Qarabağ”dır. Amma gördük ki, “Sabah” bu oyunda qələbəyə köklənib, istədiyi nəticəni əldə edə bildi. Çoxu da düşünə bilər ki, bir oyunluq matç idi və “Sabah” tam şəkildə gücünü qoydu… Burada da bir oyunda, demək olar ki, Avropa Liqasında davam, ya tamam – bəlli olacaq. Hesab edirəm ki, “Sabah” bunu dərk edir. Və düzgün oyun qurmaqla, ən vacibi, etibarlı oyun sərgiləməklə rəqibi məğlub etmək üçün tam gücünü ortaya qoyacaq.

– “Sabah”ın yeni baş məşqçisi Valdas Dambrauskas ilk oyundan sonra keçirilən mətbuat konfransında çox inamlı danışdı…

– İlk növbədə, mən onu dəstəkləyirəm. Ümumiyyətlə, yeni baş məşqçinin məğlubiyyətdən sonra mətbuat konfransındakı inamlı çıxışı onu göstərir ki, özünə və komandasına inanır. Və ümid edirik, bu inamın nəticəsi o olacaq ki, “Sabah” tam şəkildə potensialını açmaqla, güclü rəqibə qarşı səfərdə heç nədən çəkinmədən, ən yaxşı oyunlarından birini keçirəcək, azarkeşlərini sevindirəcək və yoluna davam edəcək.

– Sizcə, “Sabah”ın mərhələni keçməsi üçün nə lazımdır?

– Ən vacibi, uzun marafona çıxan komandamız bir şeyi başa düşməlidir ki, yaxşı nəticə əldə etmək üçün etibarlı oyun sərgiləmək lazımdır. Tək müdafiədə yox, hər bir mövqedə etibarlı oyun sərgiləməklə rəqibin boşluqlarından istifadə edib, müsbət nəticə əldə etmək mümükündür. Ən vacibi odur ki, inamsızlıq olmamalıdır. İnam, inam və yenə də inam. İnam olan yerdə də istənilən nəticəni əldə etmək mümkündür. Baş məşqçinin peşəkar işinə müdaxilə etmək istəmirəm, özü yaxşı başa düşür. Komandanı elə kökləmək, elə motivasiya etmək, elə hazırlamaq lazımdır ki, futbolçular başa düşsünlər ki, ilk matçda göstərdikləri oyun və onun üzərinə güc qatmaqla, bundan da üstün futbol sərgiləyə bilən komandamız ola bilər.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button