
Azərbaycan millisi Avropa birinciliyində 11-ci olub
Azərbaycanın qız sablyaçılardan ibarət millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə kollektiv Avropa çempionatında 11-ci olub.
İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan sablyaçılar 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.
Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.
Bizi Facebook-da izləyin