“Yaxşı nəticə əldə etmək üçün çalışacağıq”

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev AFFA.az saytına açıqlamasında dünən başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, fevralın 14-dək Bakıda təşkil olunacaq hazırlıq çərçivəsində bir yoxlama görüşü keçirəcəklərini söyləyib:

“Belarusdakı təlim-məşq toplanışından yenicə qayıtmışıq. Orada 2 yoxlama oyunu keçirmişdik. Həmin hazırlıq hansı sxemlərdə oynamağımız baxımından bizə çox kömək oldu. Artıq iki gündür toplanmışıq. Seçmə mərhələyə fevralın 14-dək Bakıda hazırlaşacağıq. Ayın 13-də oğlanlardan ibarət ROFM komandası ilə yoxlama görüşü keçirməyimiz nəzərdə tutulub. Ümumilikdə hazırlığımız yaxşı keçir, qızlarda əhvali-ruhiyyə yüksəkdir. Sevindirici haldır ki, zədəli oyunçumuz yoxdur”.

U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək. Baş məşqçi B qrupundakı rəqiblər Şimali İrlandiya, Albaniya və Monteneqro yığmalarını da dəyərləndirib:

“Rəqibləri təhlil etmişik. Şimali İrlandiya və Monteneqro çox güclü komandalardır. Onlar qrupun favoriti hesab olunurlar. Buna baxmayaraq, biz də layiqli mübarizə aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Belə turnirlərdə ilk oyundan çox şey asılı olur. Biz isə birinci matçımızı Şimali İrlandiya yığmasına qarşı keçirəcəyik. Hazırda bütün diqqətimizi həmin oyuna yönəltmişik. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

U-19 millimiz Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində fevralın 18-də Şimali İrlandiya, 21-də Albaniya, 24-də isə Monteneqro komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button