![](https://komanda.az/wp-content/uploads/2024/03/lunyov.jpg)
“Məmnuniyyətlə “Qarabağ”da qalardım” – Rusiyalı qapıçı
Rusiya millisinin və “Dinamo”nun qapıçısı Andrey Lunyov keçmiş klubu “Qarabağ” haqda danışıb.
Komanda.az xəbər verir ki, Lunyon “sport24.ru” saytına müsahibəsində övladı üçün Moskvaya qayıtmağı seçdiyini bildirib:
“Mənə “Qarabağ”da qalmağı təklif etdilər. Oğlumun bu il beş yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb. Artıq daimi yaşayış yeri haqqında qərar verməyin vaxtı çatmışdı. Ona görə doğulub boya-başa çatdığım şəhərə döndüm”.
O, “Qarabağ”da hər şeydən razı olduğunu söyləyib:
“Bakı gözəl şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə orada qalardım. Amma övladımın inkişafı üçün Moskvada daha çox imkanlar var. “Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Mənim üşün əsas olan bu idi. Bu komandaya keçməmişdən əvvəl Türkiyə təmsilçiləri də mənimlə maraqlanırdı. Ən nüfuzlu klub yəqin ki, “Fatih Karagümrük” idi. Məşqçilər korpusunda dəyişiklik oldu, Andrea Pirlo getdi. Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Mənə maaşsız müqavilə təklif etdilər. Oyunlar üçün pul ödəmək istəyirdilər. Ardınca Kiprin “Apollon” klubu da danışıq apardı. Məni gözlədiklərini və bilet alacaqlarını dedilər. Amma sonra onlardan səs-soraq çıxmadı və “Qarabağ” variantı ortaya çıxdı”.
Lunyov 2023/2024 mövsümündə “köhlən atlar”ın formasını geyinib.
Bizi Facebook-da izləyin