Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

Bu gün Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, rayon, şəhər gənclər və idman idarələrinin rəisləri və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi müəllimləri iştirak ediblər.

İclasın gündəliyində duran məsələlər isə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədr müavinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının böyük məşqçisinin, Araz-Naxçıvan Peşəkar Futbol Klubunun baş məşqçisinin, Futbol Federasiyasının lisenziyalaşdırma departamenti, marketinq və reklamlar departamenti, beynəlxalq əlaqələr departementinin, inzibati təsərrüfat departamentinin direktorlarının, informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktorunun seçilməsi və Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibinin müəyyən edilməsi olub.

Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, muxtar respublikanın bütün sahələrində olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Uşaq, yeniyetmə və gənclərin sağlam fərd kimi formalaşması, onların peşəkar idmançı kimi yetişməsi üçün Naxçıvanda müasir standartlara cavab verən idman zalları, Olimpiya İdman kompleksləri, mini stadionlar, eləcə də böyük meydançalar tikilərək əhalinin istifadəsinə verilib. Maddi-texniki baza təkcə şəhər və rayonlarda yox, eyni zamanda kəndlərimizdə yaradılıb. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri beynəlxalq turnirlərdə böyük uğurlara imza atmaqla yanaşı, ildən-ilə daha çox medal qazanırlar.

Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib. Muxtar respublikada futbolun inkişafı, kütləvi hal alması üçün artıq federasiya qarşıdakı 5 il ərzində görəcəyi işlərlə bağlı proqram hazırlayıb. Proqrama əsasən, ilk olaraq federasiyanın qarşısında duran əsas məsələ uşaq futbolu ilə bağlıdır. Bunun üçün artıq müəyyən qərarlar qəbul olunub və cari mövsümdən başlayaraq uşaq liqaları təşkil olunacaq. Bu, proqrama uyğun olaraq 5 il davam edəcək və alt yaş qruplarında yetişən futbolçular əsas komandaya cəlb olunacaqlar. Həmçinin, cari ildən başlayaraq, əsas liqanın səviyyəsini artırmaq üçün müəyyənləşdirilmiş yaş limitləri tətbiq olunacaq, hakimlər, məşqçilər üçün seminarlar təşkil ediləcəkdir. Federasiya olaraq eyni zamanda kəndlərin həvəskar komandaları arasında çempionat oyunları, futzal üzrə dövlət və özəl təşkilatlar, könüllü komandalar arasında “Naxçıvan kuboku-95” turniri, futzal üzrə muxtar respublika birinciliyi və məktəblilər arasında futbol çempionatı keçiriləcəkdir. Bu yarışlar hər il mütəmadi olaraq davam etdiriləcək. Keçirilən yarışlarla bağlı hər həftə və hər ay geniş məlumatlar hazırlanacaq və bunlar iclaslarda müzakirə olunacaq.

“Eyni zamanda gündəlikdə duran məsələlərə əsasən federasiyanın yeni tərkibi müəyyən olunacaq” -, deyən Azad Cabbarov struktur dəyişikliyindən sonra yeni təyinatların adlarını açıqlayıb. Belə ki, Sakit Rzayev federasiyanın sədr müavini, Əsgər Abdullayev Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Ceyhun Məmmədov Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departementlərinin direktoru, İbrahim Rzayev federasiyanın inzibati təsərrüfat departamentinin direktoru, Emil Səmədov isə informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktoru vəzifəsinə təyin olunublar.

İclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibi də aşağıdakı kimi müəyyən edilib.
Yeni təyinat alanlar yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək muxtar respublikada futbolun inkişafı üçün səylə çalışacaqlarının əminliyini vurğulayıblar.

Futbol Federasiyasının böyük məşqçisi, həmçinin “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev çıxış edərək muxtar respublika rəhbərinə ona ikinci dəfə etimat göstərdiyinə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün muxtar respublikada futbolun inkiafı üçün hər bir imkan var – yeni stadionlar tikilib, bəziləri isə yenidən bərpa olunaraq futbolçuların ixtiyarına verilib. İndi əsas məsələ bunlardan səmərəli istifadə etmək, futbolçu nəsli yetişdirməkdir. Məlumdur ki, Naxçıvanın zəngin və qədim futbol ənənələri var. Bir zamanlar bura istedadlı, təcrübəli futbolçular yetişdirib. Həmçinin 5 il bundan qabaq “Araz-Naxçıvan” komandası Birinci Divizionun qalibi olub. Deməli, yeniyetmə və gənclərin futbola marağı var və biz bu yolda onlara kömək etməli, düzgün istiqamət verməliyik. Bunun üçün hamımız birlik olub bizə göstərilən etimadı doğrulmalıyıq. Bunu təkcə böyüklərə yox, uşaqlar da şamil edirəm. Keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla individual şəkildə də çalışmaq lazımdır. Artıq bizim də planlarımız var və buna əsasən hər həftə digər şəhər və rayon komandalarının məşqlərində iştirak edəcəyik. Həmçinin onları əsas komandanın məşqlərinə çağıracaq, seminarlar təşkil edəcəyik. Çalışacağıq ki, qarşıdakı mövsümün sonunda işimizin bəhrəsini görək.

Futbol Federasiyasının sədri Azad Cabbarov isə çıxış edərək qeyd edib ki, hər bir məşqçi Əsgər Abdullayevin təcrübəsindən istifadə etməlidir. Biz federasiya olaraq məşqçilər üçün hər ay seminarlar, kurslar təşkil edəcəyik. Burada Azərbaycanın tanınmış məşqçiləri də iştirak edəcək. Həmçinin məşqçilərimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunacaq kurslara göndəriləcək. Futbolun kütləvi hal alması üçün artıq ölkə futbol federasiyası ilə də danışıqlarımız olub və birlikdə böyük uğurlara imza atacağımıza əminəm.

Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Çıxışlardan sonra Əsgər Abdullayevlə 1+1 illik müqavilə imzalanıb. Baş məşqçi göstərilən etimada görə bir daha minnətdarlığını bildirib.

Sonda çıxış edən Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button