“AFFA-da bir Rövnəqi digəri əvəz edəcək” – SORĞU
AFFA prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək. O, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib. Bununla da, Azərbaycan futbolunda 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayevin dövrü başa çatmış olacaq.
Bəs, Abdullayevin uzunmüddətli hakimiyyəti ölkə futboluna nə qazandırdı? İdman mediasındakı həmkarlarımızdan bu barədə soruşduq:
– Rövnəq Abdullayev Azərbaycan futboluna nə verdi?
– Sizcə, AFFA-nın yeni prezidenti kim olmalıdır?
İlkin Vaqifoğlu (Sportinfo.az)
“Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəri olub. Bu müddət ərzində Azərbaycan futbolunda çoxlu hadisələr baş verib: həm müsbət, həm mənfi. 16 il bir igidin ömrüdür və düşünürəm ki, bu müddət ərzində Azərbaycan futbolunun qazandıqlarından çox itirdikləri var. Yəni, bu gün çox adam deyə bilər ki, “Qarabağ” avrokuboklarda yaxşı çıxış edib, “Neftçi” və “Qəbələ” qrup mərhələlərində oynayub. Amma bu sadəcə, futbolun kiçik bir hissəsidir.
Ümumi götürsək, məncə, Abdullayev daha çox işlər görə, Azərbaycan futboluna daha çox fayda verə bilərdi. Lakin yararsız və fərasətsiz kadrlara güvəndiyi və onlarla yola davam etdiyi üçün lazım olanı verə bilmədi. Ən azından, onun Elxan Məmmədovla birgə çalışması ən böyük səhvlərindən biri idi və düşünürəm ki, bu da onun sonluğunu bu cür gətirdi. Abdullayev kadr islahatlarında düzgün addım atsaydı, doğru insanlarla çalışsaydı, hələ uzun illər AFFA prezidenti ola bilərdi.
Rövnəq Abdullayevin dövründə klubların sayı kəskin şəkildə azaldı. Yadımdadır, Abdullayev prezident seçilənə kimi indiki Premyer Liqada 14-16 klub mübarizə aparırdı. Sonra o klubların sayı 8-ə kimi endi. Eyni zamanda, milli komandanın nəticələri pisləşdi, aşağı yaş qruplarında komandaların nəticələri zəiflədi, biz FİFA reytinqində xeyli gerilədik. Mən düşünürəm ki, klubların avrokuboklarda göstərdiyi nəticələr AFFA-nın adına yazılmamalıdır. AFFA-nın o işdə heç bir rolu, köməyi yoxdur. Abdullayev həmişə çalışdı ki, “Qarabağ”ın, “Qəbələ”nin və “Neftçi”nin avrokuboklaradakı uğurunun arxasında gizlənsin, amma doğrusu odur ki, AFFA onun dövründə Azərbaycan futboluna yetəri qədər qatqı vermədi.
AFFA prezidenti postuna namizədlər çoxdur. Şəxsən mən düşünürəm ki, kim layiqdirsə, kim özünü bu posta hazır sayırsa, Azərbaycan futboluna fayda verəcəyini düşünürsə, o da gəlsin. Dövlət bütün idman sahələrinə olduğu kimi, futbola da diqqət və qayğı göstərir. Bu həmişə belə olub və inanıram ki, bundan sonra da belə olacaq. Təbii ki, kim seçiləcəksə, deməli, o da məsləhətlidir. AFFA prezidenti kim olursa olsun, əsas odur futbolumuza fayda versin, Rövnəq Abdullayevin, Elxan Məmmədovun etdiyi yanlışları təkrar etməsin və biz artıq dünya çapında müəyyən nəticələr əldə edək. Təbii ki, burada söhbət milli komandadakı uğurlardan gedir”.
Natiq Muxtarlı (Aut.az)
“Rövnəq Abdullayev Azərbaycan futboluna çox şey verdi. Hətta o qədər çox ki, saymaqla qurtarmaq olmaz…
Abdullayev ölkədə futbolçu yetişdirməyin kökünü necə kəsmək lazım olduğunu göstərdi. “Klub qatili”nin necə olduğunu hər kəsə sübut etdi. Onun dövründə saysız-hesabsız komandalar dağıldı.
Abdullayev futbol təsərrüfatında “pul yumağ”ın unikal sistemini verdi Azərbaycana.
Abdullayev oğlunun başını qarışdırmaq üçün “oyuncaq komanda” yaratmağın mümkün olduğunu göstərdi.
Rövnəq Abdullayev qeyri-peşəkar idarəçilik nədirsə, onu verdi Azərbaycan futboluna. Rövnəq Abdullayev bir ölkədə futbolu tam öldürməyin mümkün olması nəzəriyyəsini təsdiq etdi.
AFFA prezidenti kim olmalıdır? İctimaiyyətin mövqeyi bəllidir: Futbolu bilən, korrupsiyaya bulaşmayan, inkişaf üçün strategiya və planı olan peşəkar şəxs olmalıdır AFFA prezidenti. Amma kimdir ictimaiyyətin mövqeyini dinləyən? Ona görə də, özümüzə boş yerə ümid verməyək: Rövnəq Abdullayev gedir, Rövnəq Abdullayev gələcək. O da ildə iki dəfə AFFA-ya ayaq basacaq, diletant kadrları vasitəsi ilə futbolda milyonlar “yuyacaq”. AFFA-da bir Rövnəqi digəri əvəz edəcək, sistem, idarəetmə dəyişməyəcək”.
Mahir Rüstəmli (Futbol+)
“Rövnəq bəyin 16 illik prezidentliyinə birmənalı qiymət vermək mümkün deyil. Bu müddətdə ölkə futbolunda ilk növbədə maliyyə sabitliyi təmin olundu, həm AFFA-nın öz himayəsi altında, həm də AFFA-nın dəstəyi ilə klublar üçün lazımi infrastruktur yaradıldı, sistemli şəkildə liqalar, müəyyən turnirlər keçirilir, futbolun coğrafiyasını genişləndirmək yolunda addımlar atıldı, Bakıda futbol üzrə Avropa çempionatının final mərhələsinin, Avropa Liqasının finalı təşkil olunub. Bununla belə, hər bir ölkənin futbolunun siması onun yığmasıdır. Bizdə isə bütün yaş qrupları üzrə yığmalarla bağlı vəziyyət faciəvidir. Bu müddətdə Berti Foqtsla 7 il boşa verildi, Abdullayev Elxan Məmmədova limitsiz inamının futbol ictimaiyyətini, azarkeşləri necə ruhdan salmasının fərqinə varmadı, hesab edirəm ki, ölkə futbolunun kadr potensialından düzgün yararlanmadı. Son sözüm budur ki, Abdullayev bu vəzifədə futbolun inkişafı, yüksək səviyyəyə qalxması üçün daha çox iş görə bilərdi, amma bacarmadı.
“AFFA-nın yeni prezidenti kim olmalıdır” sualı qəribə görünür. Gənc, enerjili, bəlli bir planı və layihəsi olan, konkret hədəflər müəyyənləşdirən, onlara doğru can atan prezident gəlməlidir. Həmçinin, daha bir vacib məqam yeni prezidentin futbol ictimaiyyətinin bütün təbəqələri tərəfindən qəbul olunmasıdır. Sirr deyil ki, bu gün ölkə futbolunda üç əsas güc var: nüvəsində “Neftçi”ətrafı qüvvələrin dayandığı, ARDNŞ-dən qidalananlar, daha böyük söz və vəzifə sahibi olmağa iddialı Qurban Qurbanov-Rəşad Sadıqov tandemi, bu mütəxəssislərə bel bağlayan qrup, nəhayət, Mikayıl Cabbarovun ətrafında birləşən, güclü təbliğat ruporları olan futbol-basketbol qrupu. Ümid edirəm ki, bu üç güc arasında sağlam rəqabət gedəcək, qazanan isə Azərbaycan futbolu olacaq”.
Əli Sahib (Fanat.az)
“Rövnəq Abdullayev Azərbaycan futboluna nə verdi? Futboluna yox, futbolçularına çox şey verdi. Heç-heçələrə, bəlkə də, məğlubiyyətlərə görə yüksək mükafatlar, dəbdəbəli təlim-məşq toplanışları, bahalı otellər… Azərbaycan futboluna isə heç nə vermədi. Ən azı döyüşkən bir milli komanda istəyirdik.
AFFA son illərdə uşaq futbolunun inkişafı ilə bağlı heç bir kəsərli addımlar atmadı. Əksinə, uşaq futboluna diqqət ayrılan yerlər məhv oldu. AFFA buna dəstək olmalı idi. “Bakı” kimi baza dağılmalı deyildi. Abdullayevin dövründə Azərbaycan futboluna ayrılan pulun yarıdan çoxu Almaniyaya gedib. Ölkədə dollarla bağlı vəziyyət kritik olanda biz əcnəbi məşqçilərə dollarla maaş verirdik. Məncə, hər şey 0-dan başlamalıdır.
Fərqli-fərqli fikirlər var yeni prezidentlə bağlı. Mən yenə istərdim ki, prezident nüfuzlu şəxs olsun, futbolun içindən olmasın, keçmiş futbolçu olmasın. Bizə futbolda bundan sonra böyük pullar lazımdır. Bizə imkanlı, nüfuzlu şəxs lazımdır. Futbol anlayışı olmasa da olar. Yetər ki, “feyr-pley”lə “pley-off”un fərqini bilsin.
Uşaq futbolu ilə məşğul olacaq ayrıca mütəxəssislər lazımdır. Vitse-prezidentlər olmalıdır. Bu idarə üsulu bizə daha çox xeyir verəcək. Yoxsa keçmiş futbol adamı, funksionerlər bu işlərin başında dursa, yenə eyni şeylər olacaq. Keçmiş futbol adamlarımızı görmüşük. Kazbek Tuayevin də, İsgəndər Cavadovun da, Vaqif Sadıqovun da fəaliyyətlərini görmüşük. Bizə belə sözünün kəsəri olmuyan futbol funksionerləri lazım deyil. Bizə sırf ölkədə nüfuzu olan şəxs lazımdır. O şəxs də keçmişə baxıb, bir də o səhvləri etməməlidir. Küsüb getmiş klublar qayıtmalıdır. “Xəzər Lənkəran”ın qayıtması üçün işlər başlamalıdır. Yeni klublar yaradılmalıdır, yeni sponsorlar lazımdır. Hər şey bir nəfərin əlində cəmlənməməlidir AFFA-da. Qurban Qurbanovun da fikirləri nəzərə alınmalıdır”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin