Fiqunun nəfəsini kəsən, “Neftçi”ni çempion edən marşrut sürücüsü

– Tələsmə, kənddən düz Bakıya mikroavtobus işləyir. Birbaşa gedərsən.

– Olsun. Nə deyirəm…

Harasa zəng edir dostumuz Seymur Əhməd:

– Bizim evin qabağından götür, bir yer yaz.

Az keçmir ki, mikroavtobus özünü yetirir. Seymurla sağollaşıb, içəri keçirəm. Dörd qadın oturub. Bir neçə kisə də var maşında. Mikroavtobus yavaş-yavaş Bicodan Ağsu şəhərinə tərəf yol alır. Təxminən yarım saatdan sonra Ağsudayıq.

***

– Hansı küçədir?

Sürücü mikroavtobusdakı qadınların birindən soruşur.

– Bu küçənin başından sağa dön…Yox, deyəsən səhv getdik, dayan bir də fikirləşim. Sola dön, orda körpüyə yenə yol dönəcək. Yox, burdan deyil. Dala qayıt. Düz get, indi də sağ tərəfə parkın böyründən düz get.

İçəridəkiləri bilmirəm, sürücüylə mənim səbrim tükənib artıq.

Bir-iki küçə də fırlandıqdan sonra, nəhayət, qadının axtardığı küçəni və evi tapa bilirik. Kisələri boşaldıb, yola davam edirik.

– Qardaş, biz Bakıya nə vaxt gedəcəyik?

– 20 nəfəri toplamalıyam. Ondan sonra.

– Necə toplayacağıq? Sən indi bu 20 adamı toplamaq üçün bütün Ağsunu fırlanmalısan?

– Hə, mənim işim belədir.

– Onda saxla, mən düşürəm.

Maşını saxlayır.

– Ay qardaşım, normal bir yerdə saxla da. Mən burdan hara gedəcəm?

Əsəblə maşını yerindən tərpədir. Bir qədər sürəndən sonra şəhərin mərkəzinə doğru küçələrin birində yenidən saxlayır.

– Sağ ol.

– Dayan e, hara gedirsən. Kənddən bura bir manatdır.

– Mən Bakıya getmək üçün minmişdim, Ağsunu dolaşmaq üçün yox. Nə pul verəsiyəm? Sən məni Bakıya aparmalıydın.

– (Bir az əsəbi halda) Mənim işim budur. Sənə nə dəxli, pulunu ver.

Mübahisənin yersiz olduğun bilirəm. Bir manatımı verib, düşürəm…

***

Zaman 1999-cu il, 4 sentyabr.

Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan və Portuqaliya arasında UEFA Avropa Kuboku 2000-in təsnifat mərhələsinin oyunu keçirilir. Yadınızdadırsa, həmin matç 3 sentyabrda başlamışdı. Lakin 0:0 hesabı ilə bitən birinci hissədən sonra stadionun işıqlandırma sistemində yaranan problem səbəbindən projektorlar işləmədi. Tərəflərin razılığı və UEFA-nın qərarı ilə matç ertəsi günə keçirildi.

Səhəri gün isə gündüz saatlarında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. İkinci hissənin əvvəllərində – 51-ci dəqiqədə Zaur Tağızadənin vurduğu qolla Azərbaycan millisi hesabda irəli çıxmış, lakin matça əlavə olunmuş 7-ci uzatma dəqiqəsində Luiş Fiqu bərabərlik qolunu vurmuşdu. Həmin oyunun əsil qəhrəmanlarından biri isə məhz 97 dəqiqə ərzində elə həmin dünya şöhrətli Luiş Fiquya bircə dəqiqə də aman verməyən Kamal Quliyev idi. Sonradan Kamal müsahibələrinin birində deyəcəkdi:

“Həmin oyun mənim millidəki debütüm idi. Tamamilə oyuna köklənmişdim. Doğrudan da çox gözəl anlar idi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyun başlayan kimi Fiqunu addımbaaddım izləməyə başladım. Ona qarşı qeyri-adi heç bir fənd etmirdim. Mənim işim sadəcə Fiqunu üzünü qapımıza tərəf döndərməyə qoymamaq idi. Yalnız bu haqda düşünürdüm. Hətta bir epizod oldu, onu heç vaxt unutmaram. Elə bir vəziyyət yarandı ki, başımla Fiqunun ayağına sürüşmə fəndi elədim. Həmin oyunda o qədər qaçmışdım ki, Fiqu matçdan sonra hirslə UEFA nümayəndələrinə dedi ki, bunu dopinq testindən keçirin. Elə bilirdi, dopinq qəbul eləmişəm”.

…Kamal Fiquyla bir də Milanda keçirilən “İnter”-“Neftçi” oyunu ərəfəsində görüşür. Komandamızın məşqçilər korpusunda yer almışdı o vaxt. Fiqu isə “İnter”in icraçı direktoru idi. Özünü təqdim edir. Və Fiqunun Bakıda onunla dəyişdiyi köynəyi göstərir. Dünya futbolunun əfsanəsi dərhal onu tanıyır. Mehribanlıqla görüşüb, xeyli söhbət edirlər.

***

Onun məşqçilik karyerası da elə top qovduğu vaxtlardakı kimi uğurlu olub. “Neftçi”nin 2011/14-cü illərdə keçirdiyi ardıcıl 3 uğurlu mövsümdə Kamal Quliyev də məşqçilər korpusunda yer alırdı. Daha sonra “Neftçala”ya rəhbərlik edən Kamal Quliyev əyalət təmsilçisini ardıcıl iki mövsüm birinci divizionda 1-ci pilləyə yüksəltməyi, çempion olmağı bacarmışdı.

***

Üç gün sonra yenidən Ağsudayam. Seymurla çay masasındayıq.

– Necə gedib çatdın?

– Normaldı hər şey, Seymur. 8 manat verdim, Ağsudan yol maşınıyla qayıtdım.

– Bəs o maşınla getmədin?

– Yox, adam bütün Ağsunu fırlanacaqdı. İki saata güclə çıxardı şəhərdən. Durub onunla hərlənəsi deyildim ki? Dedim saxla, düşürəm. Kənddən Ağsuya yolun pulunu verib düşdüm. Bütün yolu mübahisə edəcəkdim yoxsa.

– Yoox, etməzdi. Yaxşı oğlandı, qardaşdı. Mənim də sinif yoldaşım olub. Gərək sizi tanış edərdim. Yolda maraqlı söhbətiniz olardı. Tanımadın?

– Yox.

– Kamaldı da, millimizin oyunçusu olmuş Kamal Quliyev.

– Nəəə?…

Seymur, çaşıb qaldığımı görüb, məni onunla telefonla calaşdırır.

– Salam, Kamal…

Və ardınca da özümü təqdim edirəm. Tanıdı.

– Əşi boş ver, belə şeylər olur. İşdi, yoldu. Yəni reys belədi, marşrut belədi. İşim budu…

Və gülür.

Yox, Kamal. Sənin işin deyil bu. Sən bir komandanı iki dəfə çempion edən baş məşqçisən. Sən “Neftçi”nin dalbadal 3 dəfə çempionluğunun məşqçilər korpusunda yer alan Kamalsan. Sən Fiqu kimi əjdahanın qarşısını almısan, 97 (?) dəqiqə ona əl-qol atmağa imkan verməyən Kamalsan.

Sən Kamal Quliyevsən!

O, Kamal Quliyevdir, AFFA-dakılar!

Lixtenşteynə 0:1 uduzan 21 yaşlı millimizin baş məşqçsi Milan Obradoviçə futbol dərsi keçə biləcək bir adam.

Övladına çörək pulu qazanmaq üçün hər bir işə əl atmaq olar. Və Kamal da bunu edir. Amma bu, onun işi deyil. Bu adama iş tapılmır???

Bu adam yolda yox, meydanda yorulmalıdı… (lent.az)

Səbuhi Məmmədli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button