Azərbaycan yığmasından Praqada 10 medal
“Yeddi idmançının 10 medal qazanması bu növün ölkədə inkişafının göstəricisidir”.
Komanda.az xəbər verir ki, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Çexiyanın paytaxtı Praqadakı “Open Cup 2023” turniri ilə bağlı danışarkən deyib.
Mütəxəssis qarşıdakı yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacaqlarını bildirib: “Çexiyada Avropanın 16 ölkəsi tanınmış idmançılarla təmsil olunurdu. Turnir Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğu üçün güclü idmançılar var idi. Təlim-məşq toplanışlarında üzgüçülərimizin daha da güclü olmaları üçün çalışırıq”.
Yığmanın kapitanı Ramil Vəlizadə yarışların gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb. Gümüş medala sahib çıxan idmançı qarşıdakı turnirlərdə maksimum nəticə göstərməyi qarşılarına məqsəd qoyduqlarını deyib. İki qızıl və iki bürünc medal qazanan 13 yaşlı Oqtay Hüseynov uğurun davamlı olacağına inandığını söyləyib: “Bu, mənim beynəlxalq yarışlarda ikinci çıxışımdır. Daha əvvəl Macarıstanda beynəlxalq turnirdə də medal əldə etmişdim. Daim üzərimdə işləməyə, məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışıram. Əsas hədəfim avropa və dünya çempionatında, olimpiadada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Göstərilən etimadı doğrultmağa çalışacağam”.
Çexiyadakı yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəhangah və Rəşad Alquliyev 1 gümüş medal qazanıb.
Bizi Facebook-da izləyin