“Real”ın sabiq qapıçısı La Liqaya qayıtdı
İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Kiko Kasilya və mərkəz müdafiəçisi Omar Aldereteni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kiko Kasilya İngiltərənin “Lids” klubundan azad agent kimi ayrılaraq La Liqa təmsilçisinə keçib. 35 yaşlı qolkiper yeni klubu ilə 1 mövsümlük anlaşıb.
Kiko Kasilya Madrid “Real”ının yetirməsidir. O, İspaniya nəhəngi ilə yanaşı, karyerası ərzində “Espanyol”, “Kadis”, “Kartaxena” və “Elçe”nin də uğurları üçün çalışıb. Təcrübəli qapıçı 2019-cu ildən formasını geyindiyi “Lids”də 62 oyuna çıxıb, 61 qol buraxıb, 23 matçda isə qapısını toxunulmaz saxlayıb. O, İspaniya millisində də 1 oyun keçirib.
Omar Alderete isə Almaniyanın “Herta” klubundan icarəyə götürülüb. Paraqvaydan olan mərkəz müdafiəçisi 2022/23 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu 2020-ci ildən formasını geyindiyi “Herta”da cəmi 17 oyun keçirib. Müdafiəçi ötən mövsüm də İspaniyanın “Valensiya” klubunda icarədə oynayıb. Paraqvay yığmasında 12 oyun keçirmiş Alderete, daha öncə “Serro Porteno”, “Ximnasiya Esqrima”, “Urakan” və “Bazel” kimi klubların da formasını geyinib.
“Xetafe” öz oyunçularından Yakub Yanktonu Çexiyanın “Sparta” (Praqa) klubuna, Sabit Abdulayı isə “Ponferradina”ya icarəyə verib. Hər iki oyunçu bu mövsümün sonuna kimi icarədə olacaq.
Qanadan olan Sabit Abdulay 2020-ci ildən “Xetafe”dədir. Daha öncə “Ekstremadura”da forma geyinmiş 23 yaşlı yarımmüdafiəçi, La Liqa təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir.
Yakub Yankto isə “Xetafe”yə ötən ilin yayında keçmişdi. Çexiyalı yarımmüdafiəçi geridə qalan mövsümdə cəmi 14 matça çıxsa da, fərqlənə bilməyib. O, daha öncə yalnız İtaliya klublarında (“Udineze”, “Askoli”, “Samdoriya”) forma geyinib. Çexiya yığmasında 45 oyun keçirmiş 26 yaşlı futbolçu, 4 qol vurub.
Bizi Facebook-da izləyin