Liqa 1 klubundan 15 milyon avroluq transfer
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Avstriyanın “Zalsburq” klubundan yarımmüdafiəçi Məhəmməd Kamaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransızlar bu keçidə görə “Zalsburq”a 15 milyon avro dəyiblər. Kamara yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Məhəmməd Kamara Malinin “Real Bamako” klubunun yetirməsidir. 22 yaşlı futbolçu 2018-ci ildə Avstriyanın “Liferinq” klubuna transfer olunub. O, bu klubda olarkən yerli “Hartberq”də icarədə də oynayıb. 2020-ci ildə isə “Zalsburq” yarımmüdafiəçini öz heyətinə cəlb edib. Mali yığmasının üzvü Avstriya təmsilçisində 76 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Kamara bu komandanın heyətində 3 dəfə Avstriya çempionu olub, 3 dəfə də kubokun qalibi adını qazanıb. Futbolçu Mali yığmasında 15 oyun keçirib, 3 qol vurub.
“Monako” braziliyalı müdafiəçisi Kayo Enrike ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 25 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilə qədər knyazlıq təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi 2025-ci ilin 30 iyununa qədər idi.
Kayo Enrike 2020-ci ildə Madrid “Atletiko”sundan “Monako”ya transfer olunub. O, geridə qalan iki mövsüm ərzində bu komandada 85 oyuna çıxıb, 2 qol vurub. Braziliyanın U-23 yığmasının sabiq üzvü “Atletiko”da olarkən “Parana”, “Fluminense” və “Qremio”ya icarəyə də verilib.
Bizi Facebook-da izləyin