Cüdonun 50 illik yubileyi ilə bağlı müsabiqə elan olundu
Azərbaycan Cüdo Federasiyası (ACF) jurnalistlər arasında müsabiqə elan edib.
Cüdo federasiysından Komanda.az-a verilən məlumata görə, bu addım ölkədə cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Milli Mətbuat Günü ərəfəsində salınıb.
Müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) nümayəndələri iştirak edə bilər.
Materiallar 5 alt mövzu – Azərbaycanda cüdonun tarixi, Azərbaycanın cüdo qəhrəmanları, cüdonun fəlsəfəsi, cüdo – elitar idman növü kimi, uşaqların sağlam inkişafında cüdonun rolu üzrə aparılacaq.
Jurnalistlər 20 may-10 iyul ərzində yayımlanacaq materialları təqdim edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] ünvanına mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər.
Materialların internet resurslarında yayımlanmasını və qalıcılığını təmin etmək üçün müsabiqəyə materialların təqdim olunması yalnız internet üzərindən e-mail vasitəsilə həyata keçirilir. Ənənəvi media (TV, radio, qəzet, jurnal) nümayəndələri müsabiqə materiallarını öz malik olduqları internet resurslarının hər hansı birində (sayt, “Youtube” kanalı, sosial media hesabları və s.) yerləşdirərək linkini təqdim edə bilər. Materialların göndərilməsi üçün son tarix 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.
Təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plagiat olmaması araşdırılacaq. Materialları qiymətləndirəcək 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin kimliyi obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək açıqlanmayacaq. Hər bir jüri nümayəndəsi materiallara fərdi qiymət verəcək və 5 münsifin verdikləri qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq.
Jürinin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.
Bizi Facebook-da izləyin