“Türkiyə, Qazaxıstan və digər ölkələrdən mənə maraq göstərən klublar var” – Müsahibə
“Keşlə”nin afrikalı futbolçusu Con Kamara Qazaxıstan mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “sport.kz” saytının suallarını cavablandıran 31 yaşlı futbolçu, “Kaysar”dakı və “Keşlə”dəki karyerası ilə bağlı danışıb:
- Con, keçən mövsümü Azərbaycanda keçirdin. Təəssüratların nələrdir?
- Keçən mövsüm bir az qarışıq oldu, amma qətiyyətli idim və komandam da yaxşı formada idi. Yaxşı oyunlar keçirməyə başladım və nəticə əldə etdik.
- Bakıda yaşamaq daha yaxşıdır, yoxsa Qızılordada?
- Düzünü desəm, Bakı gözəl şəhərdir və burda həyatı maraqlı edən çox şey olur.
- Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsən? Azərbaycan çempionatını Qazaxıstan çempionatı ilə müqayisə et.
- Hər iki çempionat rəqabətli olduğu qədər də yaxşıdır. Fərq Qazaxıstan çempionatında daha çox komanda və oyunun olmasıdır, amma səviyyə eynidir.
- Azərbaycan mətbuatında oyunun haqqında yaxşı rəylər oxudum. Ordakı çıxışından razısan?
- Əlbəttə, təbii ki. Azərbaycan çempionatındakı çıxışımdan çox xoşbəxt və məmnunam. Çıxış etdiyim hər oyunda daha yaxşı olmağa davam edəcəm.
- Azərbaycan Qazaxıstandan çox fərqlidir?
- Azərbaycan insanlarla tək qalmağın, onlarla danışmağın və başa düşməyin daha asan olduğu ölkədir. Qazaxıstanda əsas problemlərdən biri dil idi, xüsusilə də, yaşadığım şəhər olan Qızılordada.
- Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. Turnir oynanılacaq?
- Bəli, Azərbaycan çempionatı koronavirus səbəbiylə sona 8 tur qalmış dayandırıldı. Oynamağa davam etməyimizi istəyirəm, amma nə olacaq, bilmirəm. May ayıdır, amma hələ heç bir şey başlamayıb.
- “Keşlə” hazırda 3-cü pillədədir. Bu, klub üçün yaxşı nəticədir?
- Əlbəttə. “Keşlə” hazırda 3-cü pillədədir və bunun klub və digər hər kəs üçün yaxşı mövqe olduğunu düşünürəm.
- İndi Azərbaycanda qalırsan? Karantin şərtləri necədir?
- Bəli, hazırda Azərbaycanda, Bakıdayam. Karantin vəziyyəti asan deyil, amma biz qaydalara və tövsiyələrə əməl etməliyik.
- “Keşlə” ilə müqavilən iyun ayında başa çatır. Bundan sonra karyerana harda davam edəcəyini bilirsən?
- Bəli, “Keşlə” ilə müqaviləm iyun ayında başa çatır. Menecerlərim karyeramın növbəti hissəsi üçün çalışır. Türkiyə, Qazaxıstan və digər ölkələrdən mənə maraq göstərən, təklif edən klublar var.
- Bir gün Qazaxıstana qayıtmaq istəyərsən?
- Mən futbolçuyam, buna görə də, bu vəziyyət qəbul edilə bilər və yaxşı olan hər yerdə, hər zaman oynamağa hazıram.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin