7:0-la gələn rekord və ilklər

Futbol üzrə İspaniya millisi Qətərdə təşkil olunmuş dünya çempionatındakı ilk matçında Kosta Rika yığmasına 7:0 hesabıyla qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun həm sözügedən komanda, həm də bəzi ispan futbolçular üçün əlamətdar olub.

Bu oyunda hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. 24 yaşlı yarımmüdafiəçi bununla İspaniya millisinin dünya çempionatlarında vurduğu 100-cü qolun müəllifinə çevrilib. İspaniyalıların mundillardakı ilk qolunu isə 1934-cü ildə Xose İraraqorri Braziliya ilə matçda vurub. İspaniya yığması Kosta Rikaya vurduğu ilk qol sayəsində Braziliya (229, Almaniya (227), Argentina (138), İtaliya (128) və Fransanın (124) ardından 100 qol səddinə çatan 6-cı komandadır.

İspaniya yığması həm də dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb. Pireney təmsilçisi bu oyunda 81,7 faizlik göstərici ilə nail olub. Əvvəlki rekord Argentina yığmasına məxsus idi – 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə imza atmışdı. 3-cü pillədə DÇ-2018-in Rusiya – İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

İspaniya millisi 1962-ci ildən bəri Dünya Çempionatının start heyətində iki gənc oyunçuya (Qavi və Pedri) güvənən ilk Avropa komandası oldu. Ümumiyyətlə, Qavi İspaniya millisi tarixində belə böyük yarışda çıxış edən ən gənc futbolçudur – 18 yaş 110 gün. O, bu oyunda komandasının 5-ci qoluna imza atmaqla İspaniya yığmasının heyətində qol vurmağı bacaran ən hənc futbolçuya çevrilib. Qavi həm də dünya çempionatları tarixində üçüncü ən gənc qolçu olub. Rekord 1958-ci ildə İsveçə qol vurmuş Peleyə (17 yaş 249 gün) məxsusdur. İkinci yerdə isə Manuel Rosas (18 yaş 93 gün, DÇ-1930) qərarlaşıb.

İspaniya yığması 7:0 hesablı qələbə sayəsində DÇ-2022-nin ən fərqli qələbəsinə imza atdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button