53 milyon avroya alınmışdı, 20 milyona satıldı

Futbol üzrə Almaniya yığmasının hücumçusu Timo Verner İngiltərənin “Çelsi” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu yenidən sabiq klubu “Leypsiq”ə qayıdıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. London təmsilçisi 2 il öncə məhz “Leypsiq”dən 53 milyon avroya transfer etdiyi futbolçunu sözügedən klubun özünə 20 milyon avroya satıb. “Çelsi”nin bonuslarla daha 10 milyon avro qazanmaq şansı var. Amma “zadəganlar”ın Verner sövdələşməsindən təxminən 30 milyon avro zərərlə çıxması dünya mətbuatının gündəmindədir.

Verner köhnə-yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Hücumçu “Leypsiq”də 11 nömrəli formanı geyinəcək.

Timo Verner “Çelsi”də keçirdiyi 2 mövsüm ərzində 89 oyuna çıxıb. O, bu matçlarda 23 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 53 oyuna çıxan hücumçu, 24 qola imza atıb.

“Leypsiq” Sloveniya yığmasının hücumçusu Benjamin Şeşkonu da heyətinə qatıb. Hazırda Avstriyanın “Zalsburq” klubunun uğurları üçün çalışan futbolçu ilə müqavilə imzalanıb. Lakin bu müqavilə 2023-cü ilin 1 iyulundan qüvvəyə minəcək. Həmin vaxta qədər futbolçunun “Zalsburq”un uğurları üçün çalışmağa davam edəcəyi diqqətə çatdırılıb. Şeşkonun “Leypsiq”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Sloveniyalı futbolçu 2019-cu ildən “Zalsburq”da çıxış edir. O, iki il “Liferinq”də icarədə də oynayıb. 19 yaşlı futbolçu “Zalsburq”da meydana çıxdığı 42 oyunda 13 qol vurub. O, Sloveniyanın əsas yığmasında 13 oyun keçirib, 2 qola imza atıb.

“Leypsiq” müdafiəçisi Anxelinyonu da “Hoffenhaym”a icarəyə verib. İspaniyadan olan 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcək.

Anxelinyo 2020-ci ildən “Leypsiq”də çıxış edir. O, bu komandanın heyətində 98 oyuna çıxıb, 12 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Sol cinah müdafiəçisi əvvəllər “Mançester Siti”, “Nyu York Siti”, “Jirona”, “Malyorka”, “NAK Breda” və PSV kimi klublarda da forma geyinib.

Yeri gəlmişkən, Verneri “Leypsiq”ə satan “Çelsi” mərkəz müdafiəçisi Malanq Sarrı da Fransanın “Monako” klubuna icarəyə verib. Knyazlıq təmsilçisi Fransadan olan 23 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.

Malanq Sarr 2020-ci ildən “Çelsi”də çıxış etsə də, bu komandada cəmi 21 oyuna çıxıb. O, 2020/21 mövsümündə “Portu”da icarədə də olub. Müdafiəçi Londona gələnə qədər yetirməsi olduğu “Nitsa”nın uğurları üçün çalışıb.

“Çelsi” müdafiəçisi Mett Miazqa ilə də yollarını ayırıb. 27 yaşlı futbolçu azad agent kimi ABŞ-ın “Çinçinnati” klubuna keçib. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Çelsi” Miazqanı 2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan 4.6 milyon avroya transfer etmişdi. Lakin ABŞ yığmasının üzvü London təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb. O, bu müddət ərzində “Vitess”, “Nant”, “Ridinq”, “Anderlext” və “Alaves” kimi klublara icarəyə verilib. Mərkəz müdafiəçisi ABŞ yığmasında 22 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button