450 min avronun “sirr”i

Kürşad

UEFA, Konfrans Liqasında iştirak edib, elə ilk mərhələdəcə mübarizəni dayandıran “Keşlə” və “Sumqayıt” klublarının hərəsinə 450 min avro pul ayırıb. Yuvarlaqlaşdırsaq, bu, 1 milyon manat pul deməkdir. Başqa sözlə, “Keşlə” və “Sumqayıt”ın bir mövsüm üçün büdcəsinin yarısı.

UEFA-nın Konfrans Liqasında Rusiya “Soçi”sinə qarşı keçirdiyi hər iki oyunda uduzan “Keşlə”yə, Serbiya “Çukariçki”sinə bir oyunda uduzub, digərində heç-heçə edən “Sumqayıt”a niyə 450 min avro ayırması başqa söhbətin mövzusudur. Yəni bu, artıq UEFA-nın klub futboluna yanaşması, reqlament, əvvəldən nəzərdə tutulan xərclər və sairdir. Amma…

İndi sizə aydın oldumu ki, son mövsümün axırlarında niyə Azərbaycan Premyer Liqasında, ölkə kubokunda hakim səhvləri üst-üstə qalaqlanmışdı? AFFA rəhbərliyi, xüsusən də, federasiyanın icraçı vitse-prezidenti, baş katibi Elxan Məmmədov “Keşlə”ylə “Sumqayıt”ın Konfrans Liqasına getməsində maraqlı idi. Göndərdi də. “Sumqayıt”a Elxan Məmmədovun Azərbaycan milli komandasına qeyri-rəsmi menecer təyin etdiyi Riad Rəfiyev rəhbərlik edir. “Keşlə” isə Məmmədovun klubu şərikli idarə etdiyi, dostu Zaur Axundovun nəzarətindədir. UEFA-nın “Keşlə”yə ayırdığı pulları da Məmmədovla Axundov idarə edəcək və ya… Bəlkə də, yeyəcək. Dəfələrlə olub, UEFA-nın ayırdığı pulların “Keşlə”yə AFFA-nın nəzarətində, hissə-hissə verildiyini görmüşük. AFFA heç bunu gizlətmir də, hər dəfə öz rəsmi saytı vasitəsiylə elan edir ki, “Keşlə”yə UEFA-dan gələn pullar bizimdir, bizdən sonra da klubun.

Bax, belə… Dava Azərbaycan Premyer Liqasında yer tutmaq, ölkə kubokunu qazanmaq davası deyil. Ya da, Elxan Məmmədovun “kruq”undan olan şəxslərin öz klubları ilə avrokuboklara vəsiqə qazanıb, Azərbaycanı ləyaqətlə, layiqincə təmsil etməkdən ötrü də ürəkləri getmir. Dava UEFA-nın səxavətlə payladığı pulları alıb, cibinə qoymaq davasıdır. Yoxsa “Keşlə” iki oyunda “Soçi”dən 7 qol yesə nə olacaq, yeməsə nə olacaq. Əsas odur ki, Elxan Məmmədov, Zaur Axundov və Riad Rəfiyev yesin. Pulu deyirəm haa.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button