Mircavadov Azərbaycan millisi haqda: “Uşaqlarda heç bir günah görmürəm”

Azərbaycan millisi dünən DÇ-2026-nın seçmə məhələsinin son oyununda Bakıda Fransa yığmasına məğlub oldu – 1:3. Milli bundan üç gün əvvəl isə doğma meydanda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu. Beləliklə, Azərbaycan millisi çıxış etdiyi D qrupunu 1 xalla, turnir cədvəlinin sonuncu pilləsində başa vurdu.

Bu oyunlarla bağlı AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.

Mircavadovun Komanda.az-a açıqlaması belə oldu:

“Komandamız İslandiya ilə matçın ikinci hissənin ilk 15 dəqiqəsində oynadığı futbolu Fransaya qarşı oynamağa başladı. Yəni, təzyiqi qonaq komandaların müdafiəsində etdilər. Amma əfsuslar olsun ki, biz bunu İslandiya ilə ikinci hissədə etdik və onda artıq hesab 0:2 idi. Yəni, İslandiya artıq sakit halda oynayırdı. Top bizdə az olurdu və olanda da göylə oynayırdıq. Ümumiyyətlə, futbolun mahiyyəti günü-gündən dəyişilir. İstədiyimiz oyunu almaq üçün top yerdə olmalıdır. Əlbəttə, göylə də olacaq, onun söhbəti yox. Amma əksər hallarda top daha çox yerdə hərəkət etməlidir və sürətlə getməlidir. Top sürətlə gedəndə dinamika artır.

Bu iki oyunda, mən deyərdim ki, uşaqlarda heç bir günah görmürəm. Çünki nələri var idisə, meydanda qoydular. Amma İslandiya ilə oyuna bir az hefsilənirəm ki, yaxşı başlamadıq. Əksinə, Fransa ilə isə ilk on dəqiqəni yaxşı başladıq. Həmin oyunu biz İslandiyaya qarşı oynasaydıq, düşünürəm ki, hesab başqa cür olardı.

Fransaya gəldikdə isə, əlbəttə, keyfiyyət öz sözünü dedi. Biz stadiondaydıq, oyunu canlı izləyirdik. Hətta bəziləri deyirdi ki, Fransanın çox oyunçusu yoxdur. Bilirsiz, Fransa futbol ölkəsidir, gəlin razılaşaq. Çünki dünya, Avropa çempionu olublar, orada dahilər oynayıb. Ona görə də, orada məlum deyil ki, kim birinci heyətdir, kim ikinci. Amma yaxşı qol vurduq. Oyunçumuz topu Fransa millisinin futbolçusunun arxasına atdı və bizim sol müdafiəçimiz Rəhman Daşdəmirov çox gözəl ötürmə verdi. Yəni, qol doğrudan da çox “klas” alındı. Amma sonradan buraxdığımız qollarda 80-90 faiz “ikinci mərtəbə”də uduzduq. Birinci qolu vuranda (Filip Mateta) onların hündürboylu oyunçusu hoppanır, yanında futbolçumuz var, amma ona təzyiq etmir. Qollar bizim oyunçuların səhvlərindən vuruldu. Mövqe səhvlərinə yol verdilər. Bu bizdə həmişə olur. Bilirsiz nədən irəli gəlir? Mən elə düşünürəm ki, Azərbaycan birinciliyində belə epizodlar olur, amma qol vura bilmirlər. Ona görə də, o səhvlər təkrarlanır. Amma uşaqlara mənim etirazım yoxdur. Nələri var idi, qoydular. Dünənki oyunda da istəkli idilər. Gör biz nədən danışırıq. Əvvəlki baş məşqçinin (Fernandu Santuş) vaxtında oyunçular bir-birlərinə kömək edə bilmirdilər. İndi isə bir-birinə yaxın oynayırlar, daha istəkli çıxış edirdilər. Yəni, bu da əsas şərtlərdən biridir. Gələcəyi düşünmək lazımdır. Ona görə də, bu oyunçular öz klublarında oynamalıdırlar ki, yığma da yaxşı səviyyədə olsun”.

Mütəxəssisin “Ayxan Abbasovun milliyə gəlişindən sonra nələr dəyişilib” sualına cavabı belə oldu:

“Nə dəyişilib dedikdə, indi milli daha istəkli olub. Bilirsiz, uşaqların klublarında az oynaması və sonra yığmaya dəvət alması həmişə öz sözünü deyəcək. Yəni, fiziki cəhətdən aşağı olacaq. O da hiss olunurdu. İslandiya ilə oyunda da belə idi. Oyunçuların bəziləri 60-cı dəqiqədən sonra ağır idi, ayaqlarını tuturdular. Həmçinin, dünən Fransa millisi ilə oyunda da. Amma həyəcan, istək, mübarizə aparmaq istəyi artıb. Bu çox böyük şeydir. Gələcəyə baxdıqda bunun üzərində yox, oyunçuların keyfiyyətini artırmaq üzərində işləmək lazımdır. Bu da klublarda olur. Biz Millətlər Liqasında istədiyimiz qrupa qayıtmaq istəyiriksə, birinci yeri tutmalıyıq. Birinci yeri tutmaq üçün də məlum şeydir ki, hazır olmalıyıq. İndidən hazırlaşmalıyıq”.

Mircavadov millidəki hazırkı futbolçuların gələcək perspektvləri barədə də danışıb:

“Perspektiv dedikdə, özlərindən çox şey asılıdır. Birincisi, onlar öz klublarında mübarizə aparmalıdır ki, əsas heyətdə oynasınlar. Bizdə problemlər var, çoxdur. Qapıçı, mərkəz müdafiəçisi, hücumçu problemi – bunlar var, onun söhbəti yox. Bu da harda həll olunur? Klublarda”.

Həmsöhbətimiz Premyer Liqada tətbiq olunan limitə görə klubların daha çox legionerlərə üstünlük verməsinə də toxunub:

“Burda da nəsə bir dəyişiklik olmalıdır. Belə davam etmək olmaz. Düşünürəm ki, hazırda federasiyada (AFFA) rəhbərlər də bu barədə fikirləşir. Fikirləşirlər ki, dəyişiklik olsun, yığmamız daha da uğurlu çıxış etsin”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button