
Millinin baş məşqçisi azarkeşlərin davranışından narazılıq etdi
Polşa millisinin baş məşqçisi Yan Urban DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Niderland yığması ilə oyunu (1:1) şərh edib.
Komanda.az “sport.pl”-ə istinadən xəbər verir ki, o, bu görüşdən razı olduğunu bildirib:
“Bu görüşdən razıyam. Çox tələbkar rəqib qarşısında komandamızın bir addım irəliləyiş etdiyini görmək istəyirdim. Məncə, bunu bacardıq, çünki ilk (səfər) oyunla müqayisədə daha çox imkan yaratdıq. Topa daha çox sahib olduq və ümumilikdə yaxşı görünürdük. Vərəqələr və zədələr səbəbindən bir çox dəyişikliklər etdik, buna görə də bütün oyunçuların çıxışından məmnunam”.
Baş məşqçi həmçinin, azarkeşlərin davranışı səbəbindən oyunun dayandırılması məsələsinə toxunub. İkinci hissədə onlar meydana fişəng atıblar:
“Bunun oyuna nə dərəcədə təsir etdiyini bilmirəm, amma belə hallar ümumiyyətlə olmamalıdır. Təsəvvür edin ki, evdə pley-off oyunu keçirməliyik, amma tribunalar azarkeşlər üçün bağlıdır və ya yarısı bağlıdır. Heç kimin buna ehtiyacı yoxdur”.
Niderland millisi hazırda 17 xalla qrup lideridir, Polşanın isə 14 xalı var. Digər komandaların xal durumu belədir: Finlandiya – 10, Malta – 5, Litva – 3 xal.
Bizi Facebook-da izləyin



