“40 illik” komandanın məğlubiyyətinə alqış

Rəşad Ergün

Azərbaycan millisinin oyununda mübarizə var, istək var. Fernandu Santuşun baş məşqçisi olduğu komandanın yaşıl meydanda sürünən təkcə cismi deyildi, ruhu da haralardasa “səyahət”də idi. Ayxan Abbasovun gəlişindən sonra milli komandanın ruhu sanki geri dönüb.

Amma bir acı reallıq da var ki, 22 futbolçunun meydana çıxıb bir topun arxasınca qaçmasının məğzi, məramı, məqsədi, ali vəzifəsi olan qələbəni unutmuşuq, sadəcə, mübarizə apardığımız üçün sevinirik. Məsələ bu gün də deyil. Keçdiyimiz uzun yola, illərə baxanda ortada nəhəng bir boşluq var. Az qala “40 illik” milli komanda bu gün “uduzdu, amma döyüşdü” statusunda olmamalı idi. Qonşumuz Gürcüstan da bizimlə eyni yola çıxmışdı, Avropa çempionatından gəlir səsi. Monteneqronu, Çexiyanı məğlub edən “cırtdan” Farer adalarını demirəm hələ…

Biz isə müstəqillik tariximizin 34-cü ilində Fransaya 0:3, Ukraynaya 1:2 hesablı məğlubiyyətlərə görə şükür edirik, “uduzduq, amma döyüşdük” deyib, sevinirik. Əhalisinin sayı heç yarım milyon olmayan İslandiya Fransa millisi ilə 2:2 hesablı heç-heçəyə görə nə etməlidir onda?

Gürcüstanın, Farer adalarının, hətta Ermənistanın boşa vermədiyi illəri biz havaya sovurmuşuq. Ötən əsrin 90-cı illərindən bu yana MİLLİ KOMANDA adına bizim üçün nə dəyişib? Heç bir şey, bəlkə, hətta hansısa epizodlarda o “peraşki dövrü”ndəki milli komanda daha çox ümid, inam verirdi. Axı, biz yenicə müstəqillik qazanmışdıq, pulumuz yox, problemlərimiz həddən artıq çox idi və irəlidə “günəşli günlər”in olacağına böyükdən-kiçiyə, hamımız inanırdıq, ümid edirdik. İndi hansı “günəşli günlər”ə ümid edək?

Bir az rəhmətlik Fuad Musayevin eqosu, AFFA-nı intriqa yuvasına çevirməsi, bir az mərhum Ramiz Mirzəyevin federasiya rəhbəri olduğu dövrdə itirdiklərimiz…

Amma ən çox 16 il Azərbaycan futbolunun təpəsində oturan Rövnəq Abdullayevlə, Elxan Məmmədovla itirmişik. Az qala “bir igidin ömrü”nü aldı Abdullayevlə Məmmədov Azərbaycan futbolundan. Və əlbəttə, taxtanın üzərinə “günahkar” yazıb, boyunlarından asmalı olduğumuz təkcə onlar da deyil. Günah içində olmayan nəyimiz var?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button