
“Süni örtüklü meydança Azərbaycan futbolunu qabağa aparmır” – MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq baş məşqçisi və çalışdırıcı kimi son iş yeri 2024-cü ildə ayrıldığı “Səbail” olan Şahin Diniyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Şahin bəy, yəqin “Qəbələ”də akademiyanın fəaliyyətinin məhdudlaşdırılmasından xəbəriniz var.
– Üzücü bir xəbərdir. Azərbaycanda son 10 illikdə iki akademiya olub, hansı ki, onlar yerli futbolçuların inkişafına böyük töhvə verib. Belə deyək də, tam Avropa səviyyəli akademiyalar olmasa belə, Azərbaycan səviyyəsində yaxşı akademiyalar var idi. Onlardan biri “Bakı”, digəri isə “Qəbələ” idi. “Bakı”nın akademiyası artıq çoxdan yox olub, indi isə “Qəbələ”nin yox olması… Faktlara baxsaq, görərik ki, “Bakı”nın və “Qəbələ”nin akademiyasından çıxmış neçə futbolçu klublarımızda oynayıb. Bunların da olmaması Azərbaycan futboluna gələcəkdə böyük bir faciə yaşadacaq. Azərbaycanlı futbolçuların inkişafında böyük əngəllər törədəcəyini düşünürəm. Akademiyaların olmaması yerli futbolçuları yetişməsində çətinlik yaradacaq. Gənc futbolçu tək bir məşqlə klublarda artıra bilməz. Ona görə də, əlbəttə, üzücü bir xəbərdir. Nə etmək olar? Hər şey maliyyə ilə bağlıdır. Ona görə də, akademiyanı saxlamaq iqtidarında deyillər. Bu baxımdan belə qərar veriblər. Ancaq düşünürəm ki, Azərbaycan futbolu üçün böyük itkidir.
– Premyer Liqaya yeni vəsiqə qazanan “Karvan” süni örtüklü meydançaya keçir. Avqust ayında istiləri -xüsusən də, Yevlax kimi yerdə – nəzərə alsaq, sizcə, bu nə dərəcədə düzgündür?
– Hər şey maliyyəyə söykənir. Doğrudan da, böyük futbolda maliyyə böyük rol oynayır. Futbolun inkişafında, strukturda, akademiyada, uşaq futbolunda maliyyə böyük rol oynayır. Ona görə də, görünən odur ki, təbii örtüklü meydançanı saxlamaq çətindir, ödənişi bir az artıqdır. Belə olan halda da komanda maliyyə cəhətdən zəifdirsə, çatdırmırsa, artıq keçir ümumi bir şeylərə.
– Məsələ burasındadır ki, futbolun inkişaf etməsini istəyirik, amma Azərbaycanda süni örtük problemi nəinki həll olur, bir az da böyüyür…
– Əlbəttə, süni örtüklü meydança yaxşı hal deyil. Futbolun inkişafından danışırıqsa, həqiqətən, süni örtükdə oynamaq – mən özüm də bilirəm, işlədiyim müddətdə də görmüşəm – tam fərqli bir şeydir. Yəni, süni örtüklü meydança Azərbaycan futbolunu qabağa aparmır. Ancaq bu, klubun seçimidir. Bayaq dediyim kimi, maliyyəyə bağlanan məsələlərdir. Kimisə məcbur etmək olmaz.
– Ümumiyyətlə, Azərbaycan futbolu bu bəladan – süni örtüklü meydançalardan necə xilas olmalıdır?
– Azərbaycan isti bir ölkədir. Buna görə də təbii örtüklü meydançanı saxlamaq bir az çətindir, diqqət lazımdır. Ancaq bu gün görürük ki, bir çox rayonlarda, Bakının bir neçə yerində təbii örtüklü meydança var. Bayaq dediyim kimi, bu bəladan qurtulmaq üçün klubların yaxşı maliyyə dayağı olmalıdır ki, istədiklərini edə bilsinlər. Yolu budur: maliyyə, maliyyə, bir də maliyyə.
– Klublarımızdan “Sumqayıt” və “İmişli” “sükan”ı əcnəbi mütəxəssisə tapşırdı. Necə düşünürsüz, doğrudanmı Azərbaycanda bu komandalara rəhbərlik edəcək yerli mütəxəssis yoxdur?
– Bu suala cavab vermək istəmirəm. Ona görə ki, bu, klubların öz strategiyasıdır, seçim onlarındır. Ancaq qaldı ki, yerlilərə, düşünürəm ki, Azərbaycanda yetərincə yaxşı mütəxəssis var. Klubların seçiminə hörmətlə yanaşmalıyıq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



