
“Xalqımız futbol baxımından qələbəyə acdır” – MÜSAHİBƏ
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirib.
2:0 hesabı ilə qalib gələn U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Aqil bəy, öncə oyunla bağlı fikirlərinizi bölüşərdiz…
– Təbii ki, qələbə xoşdur. Çətin də olsa, qələbə qazandıq. Artıq neçə gündür Qəbələyə yağış yağır, sıxıntılarımız var idi. İspaniyadan gələn 9 uşağımız bir gün əvvəl bizə qoşulub. Burda 25 nəfərik, amma onlar gələnə kimi 16 uşaqla məşq etmişik. Biz ayın 1-dən toplaşmışıq, onlar isə ayın 5-i bizə qoşuldular. Təbii ki, problemlərimiz var idi, taktika baxımından uşaqlar bizə uyğunlaşa bilmədilər. İstədiyimizi tam şəkildə ala bilmədik. Əzmkarlıq, komandanın istəyi qələbə gətirdi. İlk yarıda daha üstün, daha keyfiyyətli futbol oynadıq. İkinci hissədə yağış istər-istəməz oyunumuza, topu saxlamağımıza mane oldu. Amma sonda qələbə qazandıq. Dediyim kimi, nəticə önəmlidir. Çünki beynəlxalq hazırlıq oyunudur. Kimisi deyir beynəlxalq hazırlıq oyunlarında nəticə o qədər də önəmli deyil, ancaq mənim üçün nəticə həmişə vacib olub. Çünki mən məğlub olmağı sevmirəm. İddiam var, istəyirəm ki, komanda həmişə qələbə qazansın. Bir neçə aydan sonra Avropa çempionatına gedəcəyik. Çətin qrupa düşmüşük. Çətin qrupdayıq. Fransa, İsrail və Rumıniya milliləri ilə mübarizə aparacağıq. Rəqiblərimiz keyfiyyətlidir, amma biz ora əl-qolumuzu yanımıza salmağa getməyəcəyik. Təbii ki, istəyirik komanda ilk iki yerdən birini tutsun. Çətin də olsa, inanıram ki, bunun öhdəsindən gələcəyik. Problemlərimizdən biri də toplanışla bağlıdır. Komanda martdan bəri bir yerdədir. Bu, üçüncü toplanışımızdır, bundan sonra bir toplanışımız olacaq. Ondan sonra Avropa. Toplanış sayı azdır. Təbii ki, vaxt məhdudiyyəti var, uşaqları biz 2-3 aydan bir görürük. Ona görə, problemimiz odur ki, uşaqlar gec-gec bizə qoşulur. Oyunun sonlarında uşaqların bir çoxunun ayaqlarında qıcolmalar oldu. Kənardan da görsənir ki, uşaqlar tam hazır deyil, istirahət istəyirlər. Amma mən düşünürəm ki, bu yaşda onlar hələ üst, peşəkar səviyyədə futbolçu deyil. Bu bizim üçün istirahətdir, əyləncədir, sevdiyimiz peşədir. Bundan sonra bir oyunumuz qalıb. Bu gün az oynayanlar, oynamayanlar hazırda məşq edir, digərləri bərpa keçir. Sabah istirahət, daha sonra ayın 8-i və 9-u məşq edib, 10-da oyunumuzu keçirib, 11-i toplanışı tamamlayacağıq.
– Gürcüstan millisi ilə oyun barədə nə deyə bilərsiz? Nəzərə alaq ki, Moldovadakı turnirdə onları məğlub etmişdiz.
– Gürcülər keyfiyyətli rəqibdir. Biz orada – UEFA-nın inkişaf turnirdə onları məğlub etmişdik. İnanıram ki, bu son oyunda da qələbə qazanacağıq. Çünki bizim komanda da keyfiyyətli komandadır. Mən futbolçularıma, komandama inanıram. Və heç vaxt hansısa bir ölkəni öz ölkəmdən üstün saymamışam. Həm futbol baxımından, həm siyasi baxımdan. Çünki biz qalib xalqıq, qalib xalqın nümayəndələriyik. Ona görə, inanıram ki, son oyunda qələbə qazanıb, xalqımızı sevindirərik. Xalqımız futbol baxımından qələbəyə acdır. Bu qələbə futbol ictimaiyyəti üçün – istər valideynlər olsun, istər bizlər olaq – həqiqətən çox sevindiricidir. İnanıram ki, son oyunda da qələbə qazanıb, istirahətə yollanacağıq.
– Avropa çempionatına aparacağınız heyəti müəyyənləşdirmisiz, yoxsa hələ tam yox?
– Sözümün əvvəlində dedim ki, vaxtımız məhdud olub. Çünki biz martdan başlamışıq. Seleksiyalara belə, vaxtımız olmayıb. Toplanışlarda həm də seleksiya aparırıq. 25 oyunçu dəvət etmişik. Bacardığımız qədər çalışırıq ki, çox futbolçu görək. Yalan demiş olaram ki, bu komanda tam hazırdır, yoxsa yox. Dediyim kimi, axtarışdayıq, baxırıq. Ən böyük sıxıntılarımız orta xətt oyunçuları ilə bağlıdır. Bu gün həmin mövqelərdə problemlərimiz var. Ümid edirəm ki, bu oyunlardan sonra biz yenə kimlərisə axtarıb, tapıb ortaya çıxaracağıq. Amma dediyim kimi, seçimimiz məhddudur. Buna baxmayaraq, biz komandamıza inanırıq və güvənirik.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



