Ayxan Abbasov: “Rəhbərlik bu gün çox qapını döyür” – MÜSAHİBƏ

Azərbaycanın U-21 millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Mövsüm artıq başa çatmaq üzərədir. Fikirlərinzi bölüşərdiz…

– Bəli, mövsüm başa çatır. Son oyunumuz qalıb. Ümumi götürsək, biz “Şamaxı” olaraq istədiyimiz, qarşımıza qoyduğumuz məqsədə çatdıq. Əlbəttə, bu çətin oldu. Qarşımızdakı rəqibləri bilirdik, amma məncə, bizim üçün uğurlu oldu. Bundan sonra məsuliyyətimiz daha da çoxalır, artır. Gələn mövsüm 12 komanda, bir çox məsələlər var, amma bu ili özümüz üçün uğurlu sayıram, avrokuboklarda iştirak edəcək digər komandalara da uğurlar arzulayıram.

Yəni, “Şamaxı”nın cari mövsümdəki çıxışını uğurlu saymaq olar?

– Əlbəttə, düşünürəm ki, “Şamaxı” uğurlu oldu. Baxın, 1-ci liqadan gələn komanda idi. “Şamaxı” 1-ci liqaya düşüb və orada çempion olub gəlmişdi. Heyət dəyişildi. Bu gün ən əsası, Premyer Liqada yerimizi qoruduq və futbolçular qazandıq. Arsen Ağacanov, Edqar Adilxanov, Səbayıl Bağırov əsas heyətdə çoxlu şans əldə etdilər. Digər gənc futbolçularımız Rauf Hüseynli və Rüfət Abbasov Premyer Liqada mütəmadi çıxış etdilər. Bunları qazandıq. Yəni, tək Premyer Liqada qalmaq deyil, həmçinin, bir çox futbolçular qazandıq. Legionerlərimizə baxsaq, Rikardo kimi qapıçı Azərbaycan çempionatına rəng qatdı. Brahim Konateni qeyd edə bilərəm, düzdür, bizdə qalmadı, amma ölkə çempionatına yeni bir legioner qazandırdıq. Ümumi götürsək, düşünürəm ki, müsbət cəhətlər daha çox idi.

Yeni mövsüm üçün hədəf müəyyənləşdirmisiz?

– Bilirsiz, hədəf büdcə ilə bağlıdır. Bu gün qarşımıza böyük hədəflər qoyuruqsa, böyük büdcə olmalıdır. Təəssüf ki, bizdə o büdcə yoxdur. Əlbəttə, ildən-ilə inkişaf etməliyik. Nə olursa olsun, bu, təkcə büdcə ilə bağlı deyil. Klub, komanda olaraq inkişaf etməliyik. Bəli, bu çətindir. Açıq deyim, bu çox çətindir. Amma biz buna inınırıq. Hədəflərimizin bu ilkindən daha yaxşı olmasını istəyəcəyik. Daha yaxşı mübarizə aparmağa çalışacağıq, oyunçuların keyfiyyətini artırmaq istəyəcəyik. Onların milli komandalarda daha çox iştirak etməsini və yeni gənclər qazandırmaq istəyəcəyik. Yəni hədəflər belə böyüyəcək.

“Şamaxı”nın büdcə məsələsi ilə bağlı yenilik var?

– Təəssüf ki, büdcə ilə bağlı yenilik yoxdur. AFFA-dan rəsmi büdcə olduqdan sonra klub rəhbərliyi də bu yöndə işlər aparır. Hazırda tək sponsorsuz komanda bizik. Ümid edirəm ki, bizə də kömək olacaq.

Komandadan gedənlər olacaq? Deyə bilərsiz bu siyahıda kimlərin adları var?

– Komandadan gedənlər olacaq. Bakiç və Radianoviç zədəli olduqlarına və mövsümü bitirdiklərinə görə onlarla sağollaşdıq, uğurlar arzuladıq. Hər ikisinin komandamıza çox böyük köməyi dəydi. Həqiqətən, bu gün bütün futbolçularımdan razıyam. “Şamaxı” hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıbsa, bu çətin dönəmdə futbolçular əllərindən gələni etdilər. Belə deyim, əllərindən gələnin artığını etdilər. Ona görə, mən bütün gedən oyunçulara təşəkkür etmişəm, onlara uğurlar arzulayıram. Ən yaxşı mövsümlərini keçirdilər. Mən onları çox izləmişdim. Ona görə, məncə, həm legioner, həm də yerli futbolçularımız karyeralarının pik nöqtəsindədirlər. Buna görə də gələn təkliflər normaldır. Brahim Konate zədələndi, son oyunlarda iştirak edə bilmədi, “Zirə”yə transfer olundu. Ona da uğurlar arzuladım. Bəzi futbolçuların taleyinə də son oyundan sonra aydınlıq gələcək.

“Şamaxı” gənc, təcrübəsiz futbolçulara ən çox şans verən klubdur. Heyət yetərli deyil, yoxsa başqa məsələlər var?

– Klubun əsas hədəflərindən biri odur ki, yerli futbolçular çox olsun. “Şamaxı” ilk ilində azərbaycanlı oyunçularla çıxış etmişdi. Amma real danışaq, biz bu gün yerli futbolçulara çox təklif edirik, lakin həm müqavilələri olan, həm maddi durumu fikirləşib gəlməyənlər olur. İndi də istəyirik. Əvvəl mən həm “Turan Tovuz”da, həm “Sumqayıt”da, həm də “Zirə”də işləyəndə bir çox gənc futbolçu debüt edib. Bir çox gənclərin ən başlanğıcında yardımçı olmuşuq. Bu bizim inamımızdır. Düşünürük ki, gənc futbolçular “alışıb-yanır”. Çox deyirik ki, gənclərə şans vermək lazımdır. Biz bu yöndə hazırıq, təki futbolçular istəsin. Bu il də istəyirik bir neçə gənc futbolçunu dəvət edək və onları debüt etdirək.

Premyer Liqada sponsoru olmayan tək komandasız. Rəhbərlik bu istiqamətdə hansısa addımlar atır?

– Dediyim kimi, rəhbərlik addımlar atır. Bölgə komandasıyıq, orada iş adamları var. Yəni, dəstək lazımdır. Əlbəttə, rəhbərlik bu gün çox qapını döyür. Dövlətin ayırdığı pulla mübarizə aparmaq çətindir, amma inanın ki, bu il hər kəs əlindən gələni artıqlaması ilə etdi. Bu gün həm təcrübə, həm də büdcə baxımından bizdən qat-qat üstün olan komandalarla mübarizə aparmaq çətin idi. Əlbəttə, biz istəyərdik ki, yerimizdə saymayaq. İnkişaf etmək istəyirsənsə, klub böyüməlidir və bu böyümək üçün də maddiyat önəmlidir. Biz istərdik ki, işıqlandırma olsun (stadionun işıq projektorları), öz bazmız olsun, fitnes zallarımız tikilsin. Yəni, bu kim hallar hamısı maddiyat tələb edir. Əlbəttə, Premyer Liqada komanda formalaşdırıb oynamaq olacaq, amma gələcək üçün biz daha çox gəncin inkişafını istəyiriksə, bu komandaların şəraiti olmalıdır. Bunlar olmasa, çətin olacaq.

“Araz-Naxçıvan”la oyundan sonrakı mətbuat konfransınızda “dəyişikliklər olmasa, biz də özümüzü riskə atmaq istəməyəcəyik” demişdiz. Nə demək istəyirdiz?

– Bilirsiz, mən məşqçiyəm və istəyirəm ki, irəli gedək, ildən-ilə inkişaf edək. Amma bu olmayanda mənim üçün də çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq, gətirdiyin futbolçuları saxlaya bilmirsən, onlar ikinci il də bir yerdə oynasalar, daha da inkişaf edərlər. Bu gün baxaq, bizim hansı klubarımız sabitdir? O klublarımız sabitdir ki, heyəti qoruyub saxlaya bilir. Heyəti qoruyur və onu gücləndirir. Və Azərbaycanda həmişə belə komandalar uğurlu olub. Buna misallar çoxdur, ad çəkmirəm. Ona görə, rəhbərliklə söhbətimiz olub, onlar məni, mən də onları başa düşürəm. Onların nə qədər səylə çalışdıqlarını da görürəm. Onlar da istəyir ki, nələrsə edək. Tam peşəkar komandayıq. Bir məşqçiyə yaradılan rahatlıq burada mövcuddur. Mənim özümə də rahatdır, amma dediyim kimi, maddiyat önəmlidir ki, bu mövsüm heyət baxımından çox kasad idik. Bəzən elə oyunlar olurdu ki, heç nə edə bilmirdik. Amma biz 13-14 futbolçu ilə, bir hücumçu ilə mübarizə apardıq. Yəni, bunlar mənim üçün çətindir. Ona görə də, hər gün fikir mübadiləsi aparır, çıxış yolları axtarırıq.

Ölkə kubokunun finalı ilə bağlı fikirlərinzi bilmək maraqlı olar. Komandaların şanslarını necə dəyərləndirirsiz?

– Maraqlı oyun olacağını düşünürəm. Final bir oyundan ibarətdir və bu, “Sabah”ın avrokuboklara getmək üçün son şansıdır. Yəqin ki, bundan istifadə etməyə çalışacaq. “Qarabağ” bəllidir, onların gücü haqda danışmağa ehtiyac yoxdur. Bu, neçə illərin işidir. Həqiqətən, Qurban Qurbanov böyük bir komanda qurub. Görürük ki, “Qarabağ” rəhbərliyi bu il akademiyaya daha çox diqqət ayırdı. “Sabah”ın şansı var, heyət baxımından da kifayət qədər yaxşı komandadır. Mən deyərdim ki, hər iki komandanın şansı bərabərdir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button