31 yaşında karyerasını bitirməyə məcbur oldu
Xorvatiya millisinin sabiq futbolçusu Şime Vrsalko 31 yaşında karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano öz “twitter” səhifəsində məlumat verib.
Vrsalko, demək olar ki, beş il əvvəl Rusiyada keçirilən dünya çempionatında “gümüş” qazanan Xorvatiya milli komandasının bir hissəsi idi. Lakin o vaxtdan bəri sağ cinah müdafiəçisinin karyerası qarşısıalınmaz tənəzzülə uğradı. DÇ-2018-dən əvvəl də onun dizində problemlər var idi ki, bu da Vrsalkoya tam gücü ilə oynamağa imkan vermirdi.
Dünya kubokundan sonra o, “Atletiko”nu “İnter”ə dəyişdi. Cəmi bir il sonra qayıtdı və keçən yaya qədər Madriddə qaldı. Amma baş məşqçi Dieqo Simeone Vrsalko üçün meydançada yer görmədi və yeni müqavilə üçün təklif almayan xorvat cari mövsüm ərəfəsində “Olimpiakos”a keçdi.
Yunanıstanda əvvəlki zədə müdafiəçi üçün kabusa çevrildi, cəmi altı aydan sonra müqaviləyə xitam verdi. Əvvəlki səviyyəyə qayıda bilməyəcəyini anlayan Vrsalko futbolçu karyerasını bitirmək qərarına gəlib və görünür, menecerlik fəaliyyəti ilə məşğul olacaq.
Bizi Facebook-da izləyin