Əlcəzairdə, Slovakiyada, Türkiyədə məşqçilik edən azərbaycanlı

30 yanvar – SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri, hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi, SSRİ idman ustası (1966), Azərbaycan SSR-nin əməkdar məşqçisi (1990), “Turan”, “Qarabağ”, “Neftçi” klublarının keçmiş baş məşqçisi Ruslan Abdullayevin anım günüdür.

Ruslan Abdullayev 1944-cü il mart ayının 7-də Bakı şəhərində anadan olub. Futbolçu karyerasına 19 yaşında Bakının “Neftyannik” klubunda başlayıb. İlk üç mövsümdə 13 oyun keçirib. Bundan sonra aşağı liqa təmsilçisi “Dinamo” (Gəncə) klubunda və daha sonra yenidən karyerasını “Neftyannik”də davam etdirib. Bir il sonra keçmiş klubu “Dinamo”ya qayıtsa da, 1969-cu ildə yenidən “Neftçi”yə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirib.

1974-cü ildə “Neftçi”nin məşqçisi olub, lakin burada yalnız bir mövsüm işləyib. 1978-1979-cu illərdə “Neftçi”nin baş məşqçisi Gennadi Bondarenkonun köməkçisi vəzifəsində çalışıb. Onun gedişindən sonra Ruslan Abdullayev də komandanı tərk edib.

1982-ci ildə Abdullayev ilk dəfə baş məşqçi olaraq “Araz Naxçıvan” komandasına rəhbərlik etməyə başlayıb və bir il komandanın baş məşqçisi kimi çalışıb. Daha sonra SSRİ dağılmadan öncə beş il keçmiş klubu “Neftçi”də baş məşqçi kimi fəaliyyət göstərib.

80-ci illərin sonunda bir müddət Əlcəzairdə işlədikdən sonra 90-cı illərdə Tovuzun “Turan”, Mərdəkanın “Fərid” və “Dinamo” (Bakı) komandalarına rəhbərlik edib. “Turan” komandası ilə iki dəfə ölkə çempionatının bürünc mükafatına sahib olub.

1994-1995-ci illər mövsümündə azərbaycanlı biznesmen Marat Manafovun sahibi olduğu, Slovakiya çempionatının 3-cü liqasında mübarizə aparan “Pyeştyani” klubunda çalışıb. Onun rəhbərliyi altında komanda 2-ci liqaya yüksəlməyi bacarsa da, yeni mövsümün başlamasına az qalmış Manafovla birlikdə klubdan ayrılıb.

1997-ci ildə yenidən “Neftçi”nin baş məşqçisi təyin olunub. “Neftçi” məhz onun rəhbərliyi ilə ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmək imkanı qazanıb. 1-ci təsnifat mərhələsindən yarışa qatılan “Neftçi”nin rəqibi isə Polşa təmsilçisi “Lodz” klubu idi. Bütün məşqçilər heyətinin səylərinə baxmayaraq, layiqli oyun göstərə bilməyən “Neftçi”nin UEFA Çempionlar Liqasındakı debütü heç də uğurlu alınmır. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşmada rəqibinə 0:2 hesabı ilə məğlub olan “Neftçi” səfərdə 0:8 hesabı ilə məğlub edilir.

“Neftçi”dən ayrıldıqdan sonra mövsümün ortasından etibarən Gəncənin “Kəpəz” komandasının “sükanı arxasına” keçən Abdullayev, mövsümün sonunda klubu Azərbaycan çempionatının qalibi etməyi bacarıb.

1999-2000-ci illər mövsümündə Türkiyəyə yollanan Ruslan Abdullayev yerli çempionatda çıxış edən “Ərzurumspor”un baş məşqçisi təyin olunub. Amma həmin mövsüm “Qalatasaray”la oyunda komandasının 0:7 hesablı məğlubiyyətindən sonra istefa verib.

Abdullayev həyat yoldaşının ölümündən 40 gün sonra, 30 yanvar 2002-ci ildə insultdan vəfat edib.

Oğlu – Elxan Abdullayev məşqçidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button